​“Qarabağdakı ermənilər yaxşı yaşamaq istəyirlərsə, reinteqrasiya olunmalıdırlar” -

“Ermənistan tərəfindən hələ də Qarabağda separatçıların olduğu hissələrə terrorçulara dəstək vermək, yenidən gərginliyi artırmaq məqsədilə silah-sursat, minalar daşınırdı. Vəziyyət o həddə çatmışdı ki, son zamanlar erməni separatçıları daha da intensivləşərək torpaq yollarla bunu həyata keçirirdilər. Bütün bunlar isə müvəqqəti Azərbaycan ərazilərində yerləşmiş Rusiya sülhməramlı qüvvələrin nəzarəti və onların dəstəyi ilə baş tuturdu”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Müdafiə Nazirliyi tərəfindən müşahidə kameraları vasitəsilə çəkilmiş video materialların da bu faktları sübut etdiyini xatırladan müsahibimiz vurğuladı ki, dəfələrlə Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə bu barədə xəbərdarlıqlar edilsə də nəticəsi olmamışdır.


Cavid Osmanov - millət vəkili

“Bütün bunlara cavab olaraq martın 25-də Azərbaycan ordusu bir güllə belə atmadan həmin torpaq yolları artıq nəzarət altına götürərək terrorçulara silah-sursatın daşınmasının qarşısı alındı. Bildiyiniz kimi, Prezident Cənab İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələr zamanı rəsmi olaraq artıq Laçın yolunda azərbaycanlılar tərəfindən nəzarət-buraxılış məntəqəsinin qoyulması fikrini irəli sürmüşdür. Çox təəssüf ki, Ermənistan tərəfi hələ də buna cavab verməyib, amma bu düşünürəm ki, bu ən vacib çıxış yoludur”.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif etdi. Bu təklifə münasibət bildirən Cavid Osmanovun fikrincə növbəti dəfə Azərbaycan tərəfinin erməni icmasının nümayəndələrinin Bakıya dəvət etməsində məqsəd Azərbaycan ərazilərində yaşayan erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiyasını həyata keçirmək eyni zamanda infrastruktur layihələrin icrası məsələlərini müzakirə etməkdən ibarətdir.

“Bildiyimiz kimi, artıq belə bir görüş keçirilmişdir. Onlar bundan əvvəl də Bakıya dəvət olunmuşdur. Amma o zaman onlar Bakıya gəlməkdən imtina etmişdilər. İndi növbəti dəfə Bakıya dəvət olunublar və düşünürəm ki, artıq ermənilər də yaxşı başa düşməlidirlər ki, reallıq odur ki, başqa bir çıxış yolları da yoxdur. Əgər bütün bunların qarşılığında hər hansı qüvvələr, üçüncü ölkələr onlara hər hansı bir dəstək və yaxud silah daşımaqla vəziyyəti dəyişə biləcəklərinə inanırlarsa bu tamamilə yalnış addım olardı. Azərbaycan qalib, güclü və qüdrətli tərəf olaraq istənilən vaxt öz ərazilərində hər hansı bir əməliyyatın keçirilməsini hüququnu özündə saxlayır və onlar da normal yaşayış səviyyəsində yaşamaq istəyirlərsə, bilməlidirlər ki, yeganə çıxış yolu reinteqrasiyadan keçir. Bunu nə qədər tez etsələr, bir o qədər də tez normal həyata qayıdacaqlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR