Sülhməramlıların yeni rəhbəri niyə Bakıya gəlir? - SƏBƏB

Qarabağdakı Rusiya sülhməramlılarının yeni təyin olunan komandanı Aleksandr Lentsov danışıqlar üçün Bakıya gedəcək.

Metbuat.az "Hrparak"a istinadən xəbər verir ki, bu açıqlamanı “separatçı rejimin anti-böhran şurasının sədri” Tiqran Petrosyan deyib.

Açıqlamada qeyd olunur ki, mayın üçündə Aleksandr Lentsov Azərbaycanla danışıqlar aparmaq üçün Bakıya səfər edəcək.

Bəs Lentsovun gəlişi nədən xəbər verir? Hansı planı həyata keçirmək istəyirlər?

Bu suala cavab olaraq STM-in sektor müdiri, politoloq Tural İsmayılov Metbuat.az-a bildirdi ki, sülhməramlıların rotasiya qaydasında komandanı dəyişərkən hər gələn komandanın Azərbaycanın hərbi və hətta siyasi rəhbərliyi görüş keçirməyi normal bir məsələdir və prosedur qaydasıdır. Tural İsmayılov təəssüflə ifadə etdi ki, bundan öncəki sülhməramlıların komandanları -Volkov, Muradov və digərləri kimi Lentsov da, əslində Xankəndiyə, Xocalıya gələrkən ilk Azərbaycanla görüşlər keçirməli idi. Çünki Aleksandr Lentsov Azərbaycan ərazilərində fəaliyyət göstərir.

Tural İsmayılov

“Sülhməramlı kontingentinin qərargahı Azərbaycan torpaqlarında yerləşməsinə baxmayaraq, Lentsov ilk görüşü separatçı-terrorçu Arayik Aratunyanla keçirməsi, görüşdə masanın üzərinə qondarma Artsaxın dırnaqarası bayrağının qoyulması, ardınca isə onun Ermənistan rəhbərliyi ilə müxtəlif danışıqlar aparması ilə bağlı yayılan məlumatlar təəssüfedici məqamdır. Hesab edirəm ki, Lentsovun qondarma bayraqla separatçı terrorçuları qəbul etməsindən sonra Azərbaycanla görüşlər keçirməyi normal diplomatik bir addım hesab edilə bilməz”.

Tural İsmayılov qeyd etdi ki, Aleksandr Lentsovun hansısa plana görə Bakıya gəlməsi absurd görünür:

“Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Azərbaycan- Rusiya münasibətlərinin bugünkü mənzərəsi kontekstində ilk olaraq Azərbaycan tərəfi ilə görüşlər keçirməli idi. Amma istənilən halda bu, adi bir prosedur qaydasıdır və bunun ətrafında hansısa uzun bir müzakirə aparmağın o qədər də məntiqi əsası yoxdur”,- deyə Tural İsmayılov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı