Milli Məclis Heydər Əliyevin 100 illiyi ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclisin bugünkü xüsusi iclasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Bəyanat qəbul edilib.

Metbuat.az xəbər verir ki, Bəyanatı deputat Səbinə Xasıyeva oxuyub.

Bəyanatda bildirilir ki, Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə müstəqil Azərbaycanın cizgilərini formalaşdırır, o cümlədən hərbi mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi: “SSRİ rəhbərliyi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanla bağlı bir çox mühüm layihələri qəbul edib. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsinə başlandı. 1988-ci ildə SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıtda böyük təxribat törədildi. 1990-cı ildə 20 yanvar faciəsi zamanı Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bu cinayətə etiraz səsini ucaltdı”.

Bəyanatda qeyd olunur ki, Ümummilli lider Moskvadan Bakıya qayıdıb, ancaq təzyiqlərlə əlaqədar Naxçıvana gedib: “Heydər Əliyev Naxçıvan Muxtar Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanın işğalının qarşısını alıb, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib. 1993-cü ilin ortalarında ölkəmiz separatçılıq, real parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyevin qayıdışı bu planların qarşısını aldı. Azərbaycanın həqiqi tarixi Milli Qurtuluş Günündən başlayır. Əgər o vaxt Heylər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan dövlətçiliyinə son qoyulmuşdu. Heydər Əliyev tale yüklü problemlərin həllinə nail oldu, Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamadı. Heydər Əliyev dövlət və hakimiyyət böhranını aradan qaldırdı, vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısını aldı”.

Bəyanatda daha sonra vurğulanır ki, Heydər Əliyev ordu quruculuğu istiqamətində də mühüm addımlar atıb, nəticədə 1994-cü ildə Ermənistanın hücumlarının qarşısı alınıb, atəşkəs elan olunub: ““Əsrin müqaviləsi”, milyardlarla investisiya iqtisadiyyatın inkişafına təkan oldu, həyatın bütün sahələrində tənəzzülə son qoyuldu. Dolğun xarici siyasət konsepsiyası formalaşdırıldı, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Yeni Konstitusiya qəbul edildi, ölkədə əsaslı hüquqi və siyasi islahatlar həyata keçirildi. Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi ənənəvi hal aldı. Bu proseslərdə Milli Məclis daim Ümummilli lideri dəstəkləyib”.

Bəyanatda qeyd olunub ki, Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr hazırda qlobal iqtisadiyyatda mühüm rol oynayır: “Ulu öndərin ən böyük arzusu həyata keçirilib, 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edilib. Xalqımız azad edilmiş torpaqları gülüstana çevirərək qurucu xalq olduğunu nümayiş etdirir. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq, Ulu öndərin ideyaları xalqımıza yeni-yeni qələbələr qazandıracaq”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı