Azərbaycan və Pakistan arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan yüksək səviyyəli münasibətlərin olduğunu, iki ölkənin dövlət başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Pakistanın Azərbaycanın ərazi bütövlüyünə daimi dəstəyindən, xüsusilə 44 günlük Vətən müharibəsində ölkəmizə, haqq savaşımıza ədalətli mövqedən göstərdiyi siyasi dəstəkdən məmnunluq ifadə olunub. İki ölkənin beynəlxalq təsisatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi, Azərbaycan və Pakistan arasında sosial sahədə əlaqələrin genişlənməkdə olduğu diqqətə çatdırılıb.

Ötən ilin may ayında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistanın Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin son illər Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalandığı bildirilib.

Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal platformaların, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan müsbət təcrübə barədə məlumat verilib. Əmək və sosial müdafiə sahəsində Pakistanla ikitərəfli əlaqələrin inkişafı, fəal təcrübə mübadiləsi üçün böyük potensial olduğu, DOST təcrübəsini Pakistanla bölüşməyə hazır olduğumuz vurğulanıb.

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycanla Pakistan arasında da əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

S.H.Turi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını, əmək, məşğulluq, sosial müdafiə sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşün yekunu olaraq Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Pakistanın Xarici Pakistanlılar və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb.

Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyi olan şəxslərin sosial və məşğulluq problemlərinin həlli, onlar üçün xüsusi peşə hazırlığı və peşə istiqamətləri üzrə proqramların hazırlanması, əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsinə dair qanunvericiliyin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR