Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin işğalı, qoca, qadın, uşaq demədən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsi ilə üzləşib, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqına çevrilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN bəyanat yayıb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmasına və işğalçı qüvvələrin Azərbaycan ərazilərini dərhal tərk etməsinin tələb olunmasına baxmayaraq, Ermənistan bütün bu çağırışlara heç bir məhəl qoymayıb, əksinə işğala əsaslanan status kvonu daha da möhkəmləndirərək, işğal etdiyi ərazilərdə Azərbaycan xalqının tarixi və mədəni irsini qəsdən məhv edib, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı açıqlamalar verərək, Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələyib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi zəfər qazanaraq torpaqlarımızın işğalına son qoyub. 30 illik işğala və məşəqqətlərə baxmayaraq, Azərbaycan tərəfi Vətən müharibəsindən qısa müddət sonra iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfinin Azərbaycanın sülh təşəbbüslərinə uzun müddət cavab verməməsinə və müxtəlif bəhanələrlə prosesi ləngitməsinə baxmayaraq, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib.

Bununla yanaşı, Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib. Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib.

10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib.

Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, bunun əksinə Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub.

Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.

Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.

Bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir.

Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.

30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbuledilməzdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar. Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik.

Azərbaycan özünün Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı