"Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, Laçın sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsi əsassızdır".
Metbuat.az xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibinə ünvanlandığı məktubda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.
Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.