"Sülhü bərpa etmək üçün Qarabağdan separatçılar çıxarılmalıdır" - Deputat

"10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili bildirdi ki, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır:

"Bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmasında məqsəd üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasına nail olmaqdır. Bununla bərabər onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi də keçirilən əməliyyatın tərkib hissəsinə daxildir.

Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb".

44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etdikləri vurğulayan millət vəkili qeyd etdi ki, ölkəfə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul etsə də, üç anti-milli ünsür bundan boyun qaçırdı:

" Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır.

Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi bu dəfə də özünü müxalifət adlandıran anti-milli ünsürlər ölkəmizin haqq içinə dəstək verməkdən boyun qaçırdılar. Bununla da həmin üçlük-Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı