Ölkə ictimaiyyəti üçün əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır - SORĞU

"İkinci Qarabağ müharibəsinin siyasi-diplomatik müstəvidəki davamı olaraq, Azərbaycan ötən üç il ərzində ardıcıl strateji addımlarla öz milli maraqlarına və əsas hədəflərinə nail olub. 44 günlük müharibədə işğal faktına son qoyaraq, öz ərazi bütövlüyünü təmin edib və Qarabağda aparılan bir günlük antiterror tədbirləri ilə suverenliyini bərpa edib".

Metbuat.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistanla uzunmüddətli münaqişədən sonra regionda ədalətli sülhə nail olunması, diplomatik əlaqələrin qurulması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, eyni zamanda Qarabağda təhlükəsizliyin təmin olunması zəminində mülki əhalinin qayıdışının sürətləndirilməsi və reinteqrasiya məsələləri növbəti hədəflər kimi qərarlaşıb.

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığından irəli gələrək, ictimai rəydə bu istiqamətdə prioritetləri müəyyən etmək məqsədilə sorğu keçirib. Sorğu çərçivəsində respondentlərə “Sizcə, Azərbaycanın qarşıdakı əsas hədəfləri hansılar olmalıdır?” sualı ünvanlanıb və ən vacib üç hədəfi qeyd etmələri istənilib.

Sorğunun nəticələrinə görə, antiterror tədbirlərindən sonra, indiki halda ölkə ictimaiyyəti üçün əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, sorğuda iştirak edənlərin 63.3%-i bu mövqedən çıxış edib.

Zəngəzur dəhlizinin açılması iştirakçıların sosial-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən ifadə olunub.
Respondentlərin 38.8%-i Ermənistanla sərhədlərin müəyyən olunmasını, 31.3%-i sülh müqaviləsinin imzalanmasını qarşıdakı ən vacib hədəflər kimi qeyd edib.

Ermənistanla sərhədlərin müəyyən olunması əsasən gənc nəslin, sülh müqaviləsinin imzalanması isə yaşlı nəslin rəylərində üstünlük təşkil edib.
Sorğu iştirakçılarının 36.4%-i əsas hədəf kimi, Qarabağa qayıdışın sürətləndirilməsi, 15.7%-i Qarabağdakı erməni sakinlərin reinteqrasiyası məsələsini ifadə edib.

Qarabağa qayıdışın sürətləndirilməsi mövqeyi daha çox orta yaş qrupuna aid olanlar tərəfindən, erməni sakinlərin reinteqrasiyası isə əsasən yaşlı nəsil (21.1%) və ali təhsillilər (20.8%) tərəfindən olunub.
İştirakçıların 6.7%-i bu istiqamətdə digər cavabları səsləndirib, 1.6%-i fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayonu əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı