İlham Əliyevə təqdim olunan həmin görüntülər - VİDEO

Gələn il ABŞ-də keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamy Azərbaycana qarşı saxta ittihamlarla çıxış edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirib.

Lakin o, həqiqətləri gizlədərək, guya bu kadrlarda raket hücumuna məruz qalanların ermənilər olduğunu bildirib.

Belə ki, Vivek Azərbaycanı ittiham edərkən fonda gedən kadrlar Ermənistanın törətdiyi Gəncə və Bərdə terrorundan olub.

Qeyd edək ki, bu görüntülərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də danışıb və videosüjeti sərt tənqid edib:

“Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı