Azərbaycanda rus soyadlarını ilk qəbul edənlər kimlər olub? - ARAŞDIRMA

Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra diqqət etdiyi problemlərdən biri insanların daşıdıqları familiyalar idi. Yəni, 1828-ci ilə (son olaraq “Türkmənçay müqaviləsi”ni nəzərdə tuturam) qədər Azərbaycan bölgəsində ruslara məxsus olan “ov”, “yev” sonluğu ilə bitən familiyalar mövcud deyildi.

Bəs necə oldu ki, gürcülərdə, ermənilərdə onlara məxsus familiyalar qorunub saxlanıldı, toxunulmadı, bizdə isə dəyişdirildi?

Metbuat.az xəbər verir ki, mövzunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu araşdırıb. Həmin yazını təqdim edirik:

Əslində, bu faktın özü də Çar Rusiyasının hər zaman olduğu kimi öz əsarətində saxladığı müsəlmanlara və xristianlara fərqli münasibətini ortalığa qoyur.

Yəni gürcülərdə “şvili”, “dze” kimi sonluqlar (yəni ədatlar) familiyalarda saxlanıldı (məsələn, Ramişvili, Çxeidze və s.) əlbəttə ki, müəyyən istisnalar təbii ki, qaldı. Ermənilərdə isə “yan” sonluqlu familiyalar qaldı (Pişdadiyan, Sasaniyan və s.).

Əlavə edək ki, ermənilər işlətdikləri “yan” şəkilçiləri farslardan qəbul etmişlər (bu da başqa bir araşdırmanın mövzusudur).

Maraqlıdır ki, rus qoşunlarını Qafqaza dəvət edən gürcülər və mövcud Azərbaycan xanlıqlarını yıxmaq üçün casusluq və bələdçilik edən ermənilər “rusvari” familiyaları qəbul etmədilər.

Azərbaycanda ilk olaraq rusca familiyaları daşımağa cəhd edənlər və bunu reallaşdıranlar xanlar və bəylər olmuşdur. Bu həm də onların xanlığını və bəyliyini sübut üçün bir vasitəyə çevrilmişdir. Məsələn, Bakıxanov, Ziyadxanov, Şəkixanov, Fətəlibəyov, Rüstəmbəyov və s.

Bəzi Qarabağ xanlarına məxsus olanlar bu familiya yazılışından uzaqlaşıb, sadəcə belə yazmışlar: “Cavanşir”.

Xanlardan və bəylərdən sonra rus familiyalarına ikinci yaxınlaşan tacirlər və sənətkarlar olublar.

Lakin bu ticarət adamları ermənilərdən fərqli olaraq mənsub olduqları sinif familiyalarının daşıyıcısı olmayıblar. Məsələn, ermənilərdə: Saatsazyan (yəni, saat düzəldən), Zərgəryan (yəni, zərgərçiliklə məşğul olan), Çaxmaqsazyan, Qundaqsazyan və s.

Müsəlmanlar əslində sənətlə bağlı familiyalar daşımağa və yazmağa həqarətlə baxıblar. Ermənilərdə isə bu, əksinə olub.

Müsəlmanlarda istisna olan “Topçubaşov”, “Qatırçıbaşov” familiyaları sinfi xarakterli görünsə də, bəlkə köhnə islam hökumətlərindən qalma mənsəblərdir.

İran təsiri altında olan familiyaları da daşıyanlarımız az deyildir: “Gəncəvi”, “Qarabaği”, “Şirvani” və s.

Sonralar türkçülük hissi qalibiyyətə çevrilir və türk şəkilçisi olan “li” (əslində “lı”) familiyalarımızda görünür: Köçərli, Şahtaxtlı, Cuvarlı, Qaracalı, Sarıcalı və s.).

Bir müddət sonra bəzi insanlarımız bu türk yazılışlarına rus ədatı olan “nski” şəkilçisi əlavə edirlər. Nəticədə belə familiyalarla rastlaşırıq: Ərəblinski, Şıxlinski və s.

Qeyd edək ki, bir müddət sonra “ov”, “yev”, “nski” familiyaları ilə barışmayan bəzi ruhanilərimiz də ortalığa çıxır və nəticədə rusun şəkilçilərini inkar edib farsın “zadə” kəlməsini işlədirlər. Məsələn, Hüseynzadə, Axundzadə, Əfəndizadə və s.

Bəzi hallarda isə rus idarələrində “ov”, “yev”, müsəlman mətbuatında isə “zadə” ilə yazılan eyni adamın fərqli familiyalarına da rast gəlmək mümkündür.

Bu “ikililik” isə onların “ov”, “yev” yazılışının təvəllüdlərində məcburi olması ilə bağlıdır.

Qeyd edək ki, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə “ov”, “yev” sonluqlu familiyalara qarşı o dövrün mətbuatında ciddi etiraz yazıları çap edilirdi.

Azərbaycanda Sovet hakimiyyəti dövründə kütləvi olaraq(bəzi istisnalarla) yenidən rusların “ov”, “yev” sonluqlu familiyilarına dönüş başlanıldı.

Qeyd: Bu yazıda Fərhad Ağazadənin “Azərbaycan” qəzetində (21 yanvar 1919-cu il, sayı: 93)”Familiyalarımız” məqaləsindən faydalanılmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR