Prezident niyə prezident seçkiləri elan etdi? - TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Bir sözlə Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə isə seçkilər 1 il 2 ay müddətinə qabağa çəkildi.

Metbuat.az-ın xəbərinə görə, Sərəncamla Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Hazırda bir çoxlarını maraqlandıran suallardan biri də seçkilərin məhz iki ay sonra keçirilmə səbəbi ilə bağlıdır.

Bu barədə politoloq Azər Qasımov Metbuat.az-a açıqlama verərək bildirdi ki, növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam gözlənilməz oldu:


“Gələn il Azərbaycanla münasibətdə xüsusi əhəmiyyət kəsb edənbir sıra ölkələrdə də prezident seçkiləri olacaq. Beynəlxalq aləmdə əlverişli durum formalaşdığı üçün hesab edirəm ki, seçkilərin bir il qabağa çəkilməsi məntiqlə normaldır. Dünyada gözlənilən qlobal dəyişikliklər fonunda hadisələrin gələcəkdə hansı istiqamətdə gədəcəyinin bəlli olmadığı üçün nisbi sakitlik şəraitində Azərbaycan xalqının öz prezidentinə olan inamını yeniləmək istəməsi doğru hesablama ola bilər.

Hesab edirəm ki, növbədənkənar seçkinin təyin edilməsi məhz beynəlxalq məsələlərdə növbəti illərin gərgin keçəcəyi proqnozlarına əsasən baş verib. Bu da 2031-ci ilə kimi Azərbaycan öz mövqeyində qəti dayanmağı üçün əsas təşkil edir".

Politoloq Turan Rzayev isə düşünür ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində qeyri-adi heç nə yoxdur, hətta bunun olacağı gözlənilirdi:

“Birincisi, son zamanlar region ölkələrinin bir çoxunda növbədənkənar prezident seçkiləri keçirilib. Misal üçün, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu mənada rəsmi Bakının da analoji addımı atması təbiidir.

İkincisi, 2024-cü ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min 344 manat ayrılıb. Bu fakt da növbədənkənər seçkilərin olacağına işarə idi.

Üçüncüsü, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı. Dünya təcrübəsində belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir”.

Politoloq bildirdi ki, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi xüsusi məna kəsb edir.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

“Belə ki, 2024-cü il martın 17-də Rusiyada, 2024-cü il noyabrın 5-də isə ABŞ-da prezident seçkiləri keçiriləcək. Hər iki seçkilər dünyanın diqqət mərkəzində olacağı üçün regiona diqqət azalacaq. Rəsmi Bakının iki supergücdən əvvəl seçki keçirməsi ölkəmizin yeni qloblal proseslərə hazırlığı baxımdan önəmlidir.Ermənistanla Azərbaycan arasında Qarabağda münaqişəsi başa çatıb. Bu isə o deməkdir ki, Azərbaycanın daxili siyasi müstəvisinə təsir etmək istəyən qüvvələr aktivləşəcək. Əslində, bu proses bir müddətdir başlayıb. Prosesin dağıdıcı fəsadlarından sığortalanmaq üçün güclənmək şərtdir. Bu mənada atılan addım yerində və doğrudur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı