İsmayıllı ilə Fransa şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası qüvvədən düşdü

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda deyilir:

“2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb.

Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olmuşdur. Hətta bu istiqamətdə praktiki addımlar atılmış, tərəflər arasında qarşılıqlı səfərlər baş tutmuşdur.

Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərdə “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilmişdir.

Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilmişdir

İsmayıllının qədim yaşayış məskənlərindən biri olması və çoxsaylı xarici turistlərin diqqətini çəkməsi, həmçinin rayondakı Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi şəhərlərarası əməkdaşlıq üçün əlavə stimul yaratmışdır.

“Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır.

2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir.

Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilsin.

Həmçinin İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı