Bakı, 5 iyun, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq iyunun 5-də Biləsuvarda növbəti regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı bildirilib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlara qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
DSMF-nin şöbə müdiri Famil Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb. Qeyd olunub ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 41 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.
DSMF-nin əməkdaşı Azər Məmmədov təqdimatla çıxış edib. O, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.
DSMF-nin digər əməkdaşı Nahid Qasımovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” -regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.