Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Bu gün keçirilən seçkilərdə uğur qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə millətim adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm.

Bu düşüncələrlə seçkilərdə zəfərinizin həm qardaş Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı