İsraillə qarşıdurmada Hizbullahın daha 3 üzvü öldürülüb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hizbullah Livanın cənubunda, İsrail ordusu ilə toqquşmalarda, ikisi səhiyyə işçisi olmaqla daha 3 üzvünün öldürüldüyünü açıqlayıb.
Açıqlamada Hüseyn Məhəmməd Halil, Mahmud Yakub İsmail və Məhəmməd Həsən Taraf adlı Hizbullah üzvlərinin öldürüldüyü bildirilib.
Qeyd olunub ki, Halil və İsmayıl Hizbullahın “İslam Sağlamlığı Komitəsi” adlandırdığı mülki müdafiə dəstəsində olublar.
Hizbullah Hərəkatı tərəfindən edilən başqa bir açıqlamada, mülki müdafiə qruplarına edilən hücuma cavab olaraq İsrail sərhədində yerləşən “Kiryat Şmona” qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib.
Açıqlamada, qəsəbədəki qərargahın iki kamikadze pilotsuz uçuş aparatı ilə hədəf alındığı deyilib.
2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 211-ə çatıb.
Bundan başqa, toqquşmalarda, 43 livanlı mülki şəxs, 11 Amal Hərəkatı, 12 Həmas, 12 İslami Cihad Hərəkatı üzvü, 6 mülki İsrail vətəndaşı və 11 İsrail əsgəri həlak olub.
Seyranə Quliyeva / Metbuat.az