9 və 10 iyunda keçirilən imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 9-da doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 10-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin iyunun 11-15-də namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda 2365 namizəd və iddiaçı (2121 nəfər doktoranturaya qəbul, 242 nəfər fəlsəfə doktoru, 2 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. Əlli altı nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1293 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

Əlli beş nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Bir əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 254 nəfər namizəd xarici dil imtahanından azad olunub.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM iyulun 3-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil edəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 1-2-də saat 10:00 dan 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı