Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) QSC-nin "Embraer 190" təyyarəsinin qara qutuları Braziliyaya çatıb.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı yazır.
Məlumata görə, ekspertlər artıq qeydiyyat qurğularından alınan məlumatları tədqiq etməyə başlayıblar. Proses Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən həyata keçirilir.
Texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları qara qutulardan çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək.
Qazaxıstan, Rusiya və Azərbaycandan olan nümayəndələr də Braziliyadadır.
Nəşrin məlumatına görə, CENIPA mütəxəssisləri tədqiq olunan vəziyyəti simulyasiya etmək və nəticə çıxarmaq üçün kompüter texnologiyasından istifadə edəcəklər. Onlar yekun təhqiqat hesabatına daxil ediləcək ki, bu hesabatın dərci Qazaxıstanın üzərinə düşür.