Xəbər verdiyimiz kimi, mayın 26-da Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında dünyada artmaqda olan islamofobiya halları ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, islamofobiya, yəni İslama qarşı nifrət, qorxu və ya xoşagəlməz münasibət əsasən Qərbdə geniş yayılmış bir tendensiyadır və müsəlman ölkələrində belə hallar olmur:

“Azərbaycanda islamofobiya ilə bağlı heç bir boşluq və ya problem yoxdur. Azərbaycanda bu tip nümunələrə rast gəlinmir. Ölkəmizdə hər zaman İslam dininə böyük hörmət və diqqət göstərilib. İslamla bağlı məsələlər ən yüksək səviyyədə qorunur və bu istiqamətdə dövlət siyasəti də çox açıq və qətiyyətlidir. Bu problem Qərbdə yaranıb və orada davam edir”.

Deputat eyni zamanda Azərbaycanın da zaman-zaman islamofobiyaya məruz qalmış ölkə olduğunu qeyd edib:

“Ermənilər Qarabağda və digər işğal olunmuş ərazilərdə bizim dini və tarixi abidələrimizi dağıdıblar. Bu gün də onlar Qərbi Azərbaycanda bunu həyata keçirirlər və təəssüf ki, Qərb dairələri də buna heç bir reaksiya vermir. Qərbdə bu cür tendensiyalara son qoyulmalı və təbliği istiqamətdəki addımlara yol verilməməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az