“Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın nəqliyyat və logistika imkanlarının daha da genişlənməsinə şərait yaradıb”.
Bu fikirləri iqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni hava limanı Orta Dəhliz üzərindən keçən yükdaşımaların rəqabətliliyini artırmaqla yanaşı, tranzit imkanlarının da genişləndirilməsinə mühüm töhfə verəcək:
“Hazırda ölkəmizdə səkkiz beynəlxalq hava limanı fəaliyyət göstərir, Laçın hava limanı isə doqquzuncu beynəlxalq statuslu liman kimi qeydiyyata alınıb. Bu, həm Azərbaycanın regional və qlobal nəqliyyat mərkəzinə çevrilməsi baxımından, həm də turizm sahəsində cəlbediciliyinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Laçın rayonu həm də geniş turizm potensialına malik bir bölgədir və Ermənistanla sərhəddə yerləşməsi ilə strateji önəm daşıyır. Bu baxımdan hesab edirəm ki, ölkəmizin beynəlxalq hava limanlarının çoxalması yük daşımaq imkanlarının daha sürətli, keyfiyyətli və şəffaf həyata keçirilməsinə də öz təsirlərini göstərir”.

Eyyub Kərimli qeyd edib ki, ölkəmizin unikal coğrafi mövqeyi - şimal, cənub, şərq və qərb istiqamətləri üzrə əsas logistika və nəqliyyat xətlərinin kəsişməsində yerləşməsi geniş və əlverişli nəqliyyat-hava imkanları yaradır:
“Bu baxımdan hesab edirəm ki, 2030-cu ilə qədər ölkəmizin yükdaşıma potensialının 25 milyon tona çatdırılması hədəfi çərçivəsində mövcud beynəlxalq hava limanlarının hər birindən maksimum istifadə olunması strateji əhəmiyyət daşıyır. Həmçinin Laçın rayonu dağlıq relyefə malik bölgədir və bu şəraitdə hava nəqliyyatı daha da önəm qazanır. Yeni hava limanı təkcə Laçın rayonunun deyil, həmçinin həmsərhəd rayonların da təchizat imkanlarının genişlənməsinə, sahibkarlığın və yerli turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək”.
Sevinc İbrahimzadə / Metbuat.az