İyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, ilkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.
Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.
xxx
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.
1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.