Əbədi ibadət ünvanı

Əbədi ibadət ünvanı
14:51 20 Yanvar 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il yanvarın 20-də Azərbaycan çox böyük - 10 milyonluq ibadətə çıxır. Ölkə prezidenti, sadə insanlar Şəhidlər Xiyabına axışaraq Azərbaycanın istiqlalı uğrunda həyatından keçmiş insanların xatirəsini yad edirlər. 20 yanvar azərbaycanlılar üçün həm də milli vəhdət günüdür, xalqımız eynən 25 il öncə şəhid olmuş oğullarını və qızlarını çiynində apararaq keçmiş Dağüstü parkda dəfn etmiş milyonlar kimi bir araya gəlir.

ANS PRESS-in bu gün 20 yanvar şəhidlərinin məzarını ziyarət etmiş əməkdaşları şahid olublar ki, bir çox analar və atalar öz övladlarını da Şəhidlər Xiyabanına gətirirlər. Yaxın keçmişimizin şanlı tarixi ilə onları tanış etmək baxımından bu, çox vacibdir. Axı indi yaşı hətta 25 - 30 arasında dəyişən gənclərin çoxu o günlərin dəhşətləri, Azərbaycan xalqının istiqlal mücadiləsinin hansı əziyyətlər hesabına qələbə çaldığı ilə tanış deyillər. Aradan 25 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətləri unutmur və ölkənin hər yerindən insanlar Bakıya gələrək 20 yanvar şəhidlərinin daima əziz olan xatirəsini yad edirlər.

Həmin günlər Azərbaycan xalqının əbədi istiqlal uğrunda ölüm - dirim mübarizəsinə qalxmaqdan başqa yolu yox idi. Sovet İttifaqının o vaxtkı rəhbəri Mixail Qorbaçovun ətrafına yığılmış erməni lobbisi Azərbaycanın böyük hissəsinin qoparılaraq Ermənistana verilməsinə çalışırdı. İlk hədəf kimi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti seçilmişdi. Hələ 1987-ci ildə Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, sovet iqtisadiyyatını məhv edən bədnam "yenidənqurma" fəlakətinin memarı Abel Aqanbeqyan Fransa Erməni İstitutunda çıxışında Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olduğunu bildirmişdi. Az sonra Mixail Qorbaçovun siyasi məsələlər üzrə müşaviri təyin edilmiş Qarabağ ermənisi Georgi Şaxnazarov da bu işdə ona dəstəkçi oldu.

Erməni lobbisinin əlində oyuncağa çevrilmiş sovet rəhbərliyi bu məsələdə cinayətə əl atmaqdan da çəkinmirdi. 1987-ci ilin yay aylarında Gürcüstandakı Vaziani hərbi poliqonuna Ermənistandan ehtiyat hərbçiləri yığaraq təlim keçilib. Erməni təlimçilərin keçdiyi təlimlərin ermənicə gedən kluar söhbətlərində tezliklə SSRİ-nin dağılacağı vurğulanırdı və ermənilərin buna hazır olaraq Naxçıvan, Gəncə və Qarabağı işğal etməsinin vacibliyi bildirilirdi. Yəni sovet rəhbərliyinin dəstəyi ilə yaradılan qeyri-rəsmi erməni ordusu Kürlə Arazın arasına işğal etməliydi ki, bu, Azərbaycanın sonu ola bilərdi.

1988-89-cu illərdə erməni lobbisinin dəstəyi ilə dünyanın hər bir yerindən terrorçu ermənilər gizli şəkildə Qarabağa gətirilirdi və sovet ordusunun imkanları hesabına onlar tankla, zirehli döyüş maşınları ilə təchiz edilirdi. Ermənstandan azərbaycanlıların əvvəlcə ov tüfənglərinin yığılması, sonra zorla çıxarılması, Dağlıq Qarabağda yaşayan azərbaycanlılara ilk hücumlar məhz həmin illərdə olmuşdu. Lakin Azərbaycan qan yaddaşından gələn qəhrəmanlıqla bu məkrli siyasətə mane olurdu və erməni dəstələrinin irəliləməsinə imkan vermirdi. Nəticədə, Moskva ən radikal addıma əl atdı və Azərbaycanı başından vurmaq istədi - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet cəza dəstələri Bakıya yeridildi. Əsasən, ehtiyatda olan ermənilərdən ibarət cəza dəstələri Azərbaycan paytaxtının dinc sakinlərinə divan tutdular. Fövqəladə vəziyyət elan edilməsindən 7 saat əvvəl Bakıya girmiş sovet ordusu 130 adam öldürdü, 1000-dən çox adamı yaraladı.

Azərbaycan oğulları həmin günlərdə Bakıda da geri çəkilmədilər, düşmənin qarşısına çıxdılar. Bir çoxları şəhərə girən düşmən ordusuna müqavimət göstərmək üçün bilərəkdən ölüm yolunu seçdilər, şəhid oldular. Rejissor Vahid Mustafa Yevin yanvarın 19-da premyerası keçirilmiş "Qanlı Yanvar" filmi məhz 20 yanvar qurbanlarına yox, şəhidlərinə həsr edilib. Rejissor filmində indiyə kimi Azərbaycanı narahat edən bir çox suallara cavab axtarmağa çalışır.

Filmin premyerasında olmuş bir sıra fikir adamları bu gün Şəhidlər Xiyabanında görüşdükləri ANS PRESS əməkdaşlarına öz təəssüratlarını bildiriblər. Təqdimatda həm çox sevindiini, həm də çox kövrəldiyini söyləyən millət vəkili, yazıçı Aqil Abbas filmi bütün dünyada nümayiş etdirməyi məsləhət görür: "Rejissor faciəyə çox ustalıqla toxunub. Xususilə, həmin çətin anlarda insanların özlərini toparlaya bilməsi çox uğurla təqdim edilib".

Millət vəkili, tanınmış publisist Elmira Axundova isə filmə ailəsi ilə birlikdə baxıb. Vətənpərvərlik hisslərin aşılanmasında filmin böyük rolu olduğunu düşünən millət vəkili xüsusilə cavanlara filmə baxmağı tövsiyyə edir. Eyni fikri millət vəkili Vahid Əhmədov da təkrarlayır: “Azərbaycan müstəqillik uğrunda çox qurbanlar verib. Onların ən böyk örnəyi 20 yanvar şəhidləridir. Bu filmin gənclərin Azərbaycanın keçmişini öyrənməsi baxımından böyük əhəmiyyəti var”.

Millət vəkili Qənirə Paşayeva isə filmin dilini daha güclü sayır. “Baş verənləri həm gəncliyimizə, eyni zamanda dünyaya anlada bilməyimiz üçün çox uğurla atılan bir addımdır”,- deyə millət vəkili vurğulayır. Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova da filmi çox böyük həyəcanla izləyib. “Film bir necə gəncin timsalında ötən əsrin sonralında gedən proseslərə bir baxış idi. Film tarixi hadisələri kifayət qədər uyğun, inandırıcı şəkildə, əhatəli əks etdirir”, - deyə Bahar xanım vurğulayıb.

Xalq artisti Amaliya Pənahova isə diqqəti filmin beynəlxalq əhəmiyyətinə çəkib: “Biz dünyaya səsimizi çatdırmaq üçün çox əziyyət çəkməliyik. 25 ildə biz səsimizi tam şəkildə ucalda bilməmişik. Amma bu sahədə çox şey etmək olar. Bu cəhətdən bu film çox böyük iş hesab edilir”. Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova isə filmi Azərbaycanın gələcək nəsilləri üçün böyük töhfə sayıb. “Bu, bizim müasir tariximizdə, həm film tariximizdə, həm sənət tariximizdə böyük hadisələrdən biridir. İllər keçəndən sonra gələjək nəsillər 20 yanvar fajiəsinin təfərrüatlarını, mahiyyətini məhz bu filmlə dərk edəcək”,- deyə Fəxriyyə Xələfova vurğulayır.

Filmdə xalqımızın ağsaqqalı, müasir Azərbaycanın xilaskarı və qurucusu Heydər Əliyevin 1990-cı ilin həmin o faciəli günlərində Moskvada etdiyi çıxışa da toxunulub. Faciəyə kəskin etiraz edən Heydər Əliyev 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmişdi. O, hadisəyə operativ və düzgün qiymət verən ilk siyasi xadim idi. Heydər Əliyev bununla həmin günlərin ən doğru seçilmiş addımını atmışdı və həm öz həyatı, həm də Azərbaycanın gələjəyi üçün yeni bir yol başlamışdı. Bu yol xalqımızı müsitəqilliyə qovuşdurdu və inşallah bütün itirilmiş ərazilərimiz üzərində üç rəngli Azərbaycan bayrağını dalğalandıracaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR