Paytaxtın Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu məntəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.
Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0.8 AZN müəyyən edilib.