ABŞ İrana qarşı yeni sanksiyalar açıqlayıb. Məhdudiyyətlərə Kuba bankı, 10 hüquqi və 16 fiziki şəxs daxil edilib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Sanksiyaya məruz qalan qurumlar arasında Kubanın “Banco Internacional de Comercio” bankı və İraqda fəaliyyət göstərən “International Development Bank” (IDB) da var. ABŞ tərəfi Kuba bankını İranın maliyyə qurumlarına xidmət göstərməkdə ittiham edib.
Siyahıya daxil edilən 16 fiziki şəxsin hamısının İran vətəndaşı olduğu bildirilib.
Yeni sanksiyalar ABŞ-dakı aktivlərin dondurulmasını və siyahıda yer alan şəxslər və qurumlarla ABŞ vətəndaşları və şirkətlərinin biznes əlaqələrinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi IDB ilə bağlı müəyyən əməliyyatların oktyabrın 30-dək tamamlanmasına icazə verib.