Bu gün Modern.az xəbər portalının fəaliyyətə başlamasından 17 il ötür.

Metbuat.az xəbər verir ki, Modern.az 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Geridə qalan 17 il ərzində portal Azərbaycanın onlayn media məkanında özünəməxsus dəst-xətti ilə seçilən informasiya platformalarından birinə çevrilib. Xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Azərbaycanda, regionda və dünyada baş verən hadisələri operativ şəkildə oxuculara çatdıran Modern.az gündəlik xəbərlərlə yanaşı, araşdırma, müsahibə, reportaj, analitik material və xüsusi layihələr təqdim edir.

Siyasət, parlament, təhsil, sosial sahə, iqtisadiyyat, Qarabağ, mədəniyyət, diaspor və beynəlxalq münasibətlər portalın əsas mövzu istiqamətlərini təşkil edir.

Modern.az fəaliyyətində dəqiqlik, obyektivlik, qərəzsizlik və ictimai məsuliyyət prinsiplərini əsas götürür. Xəbərlə şərhin fərqləndirilməsi, məlumatların yoxlanılması, müxtəlif mövqelərin təqdim olunması və oxucuya dürüst münasibət redaksiya siyasətinin əsasını təşkil edir.

Son illərdə texniki və məzmun baxımından yenilənən sayt beynəlxalq auditoriyasını da genişləndirib. 2026-cı ilin avqustunda özbək və erməni dili versiyalarının istifadəyə verilməsi ilə Modern.az-da yayımlanan dillərin sayı 7-yə çatıb. Hazırda portal Azərbaycan, ingilis, rus, türk, fars, özbək və erməni dillərində xəbərlər təqdim edərək Azərbaycan reallıqlarını daha geniş beynəlxalq auditoriyaya çatdırır.

Bu 17 il yalnız təqvim göstəricisi deyil. Bu, gündəmin nəbzini tutan minlərlə gün, hazırlanan saysız xəbər, müsahibə, reportaj və araşdırma, ən əsası isə qazanılan oxucu etimadıdır.

Metbuat.az kollektivi olaraq Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!