Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla bağlı hazırlanmış layihə artıq Nazirlər Kabinetinə təqdim edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qanunvericilik layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ataxan Həsənov qeyd edib ki, eyni zamanda, Azərbaycanda zəlzələ risklərinin qiymətləndirilməsi məqsədilə ölkəyə məxsus xüsusi katastrofik risklərin modelləşdirilməsi layihəsi tamamlanıb.
Departament direktoru bildirib ki, 2026-cı ilin birinci yarısında sığorta sektorunda digər tənzimləmə tədbirləri də həyata keçirilib.
Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta tariflərinə əmsal sistemini, taksi fəaliyyətini və digər aidiyyəti istiqamətləri əhatə edən qaydalar təsdiqlənib.
Bundan əlavə, kasko sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası və fiziki şəxslərin fərdi qəza sığortası üzrə ümumi şərtləri müəyyən edən qaydalar qəbul edilib.
Ataxan Həsənov əlavə edib ki, aqrar sığorta sisteminin institusional strukturunun təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsi də razılaşdırılmaq üçün müvafiq dövlət qurumlarına göndərilib.