Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatının (TDT) yeni Baş katibi özbəkistanlı diplomat Mirvahid Əzimov təyin olunub.
Metbuat.az xəbər verir ki, o, bu vəzifədə 2022-ci ilin noyabrından təşkilata rəhbərlik edən qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyevi əvəz edəcək.
Mirvahid Mirilyasoviç Əzimov 1980-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub.
O, 2003-cü ildə Dünya İqtisadiyyatı və Diplomatiya Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirib. Həmin ali təhsil müəssisəsində bakalavr və magistr pillələri üzrə təhsil alan Əzimov hüquq elmləri namizədidir.
Diplomatın Özbəkistan Xarici İşlər Nazirliyi sistemində 20 ildən artıq iş təcrübəsi var. O, müxtəlif illərdə nazirliyin ayrı-ayrı struktur bölmələrində çalışıb, 2012-2020-ci illərdə isə Müqavilə-hüquq idarəsinə rəhbərlik edib.
Əzimovun diplomatik fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlıq da mühüm yer tutur. O, dörd il ərzində Çinin paytaxtı Pekində yerləşən Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyində fəaliyyət göstərib.
2020-ci ilin sentyabrında Türk Dövlətləri Təşkilatının (həmin vaxt Türk Şurası) Baş katibinin müavini vəzifəsinə təyin olunan Əzimov təxminən altı il bu vəzifədə çalışıb. Bu müddətdə üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, mədəni və humanitar əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib.
2026-cı il mayın 26-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə xarici işlər nazirinin müavini təyin edilib. Bu vəzifəyə qədər TDT Baş katibinin müavini kimi fəaliyyət göstərib.
Oktyabrın 30-da Ankarada keçirilən TDT-nin 13-cü Zirvə görüşündə dövlət başçılarının qərarı ilə təşkilatın yeni Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb və təyinatı elan edilib.
Qeyd edək ki, Mirvahid Əzimov TDT-nin Baş katibi vəzifəsini tutan ilk özbəkistanlı diplomat olacaq.