Zəfər Günü Azərbaycanın tarixində təkcə hərbi qələbə deyil, həm də milli iradənin, dövlətçilik əzminin və uzun illər davam edən torpaq həsrətinin sona çatmasının simvoludur. Bu qələbədən sonra ölkənin beynəlxalq mövqeyi möhkəmlənib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb.

Lakin qazanılmış Zəfərin qorunması, milli birliyin möhkəmləndirilməsi və bu tarixi hadisənin gələcək nəsillərə düzgün çatdırılması da xüsusi əhəmiyyət daşıyır.

Millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a Zəfər Günü və qələbənin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Ceyhun müəllim, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu qələbə Azərbaycanın dövlətçilik tarixində və beynəlxalq mövqeyində hansı dəyişikliklərə yol açdı?

Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu qələbə ölkəmizin dövlətçilik tarixində və beynəlxalq mövqeyində ciddi dəyişikliklərə səbəb oldu. Azərbaycan son 200-300 illik tarixində itirdiyi torpaqları geri qaytardı. Eyni zamanda, məhz həmin dövrdən etibarən dünyada ölkəmizə olan etimad və inam daha da artdı, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, mövqeyi möhkəmləndi.

Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!

Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

Artıq beş ildən çox vaxt keçib. Ən önəmlisi isə odur ki, biz qazandığımız qələbəni möhkəmləndirə bilmişik. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilib. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri qələbəmizi daha da möhkəmləndirmək, xalqımızın birliyini və həmrəyliyini qorumaqdır.

44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra beş ildən artıq vaxt keçib. Bu müddətdə Azərbaycanın qarşısında duran əsas hədəflər nə dərəcədə reallaşıb? Xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesini necə qiymətləndirirsiniz?

Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər tikilir. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz, üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Azərbaycanın quruculuq missiyası növbəti illərdə də davam edəcək. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır

Zəfərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından hansı addımlar atılmalıdır? Sizcə, gənclərin Zəfər tarixini dərindən mənimsəməsi üçün hansı istiqamətlərə diqqət yetirilməlidir?

Zəfərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından atmalı olduğumuz çoxsaylı addımlar var. Bunun üçün gənclərlə sıx işləməliyik. Məktəblərdə, universitetlərdə, televiziya və mətbuat orqanlarında bu istiqamətdə fəal fəaliyyət göstərilməlidir. Gənclərin milli ruhda, dövlətçilik ənənələrinə sadiq şəkildə yetişməsi üçün səylərimizi artırmalıyıq. Hazırkı dövr kifayət qədər çətin və mürəkkəbdir. Buna görə də çox diqqətli olmalı, dövlətimizi və dövlətçiliyimizi qorumalı, gənc nəslin bu ruhda tərbiyəsinə xüsusi önəm verməliyik.

Ceyhun müəllim, siz Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmusunuz. Doğma torpağınızın işğaldan azad edilməsi xəbərini eşitdiyiniz anı necə xatırlayırsınız? Bu gün kəndinizə qayıtmaq, orada yenidən həyatın qurulduğunu görmək sizin üçün nə ifadə edir?

Mən Cəbrayıl rayonunun Şıxalıağalı kəndində anadan olmuşam. Zəfər xəbərini eşidəndə, təbii ki, göz yaşlarımı saxlaya bilmədim. Qəhərlənməmək mümkün deyildi. Çünki bu, mənim üçün böyük sevinc idi. Uzun illər arzuladığımız, həsrətində olduğumuz bir istəyimiz gerçəkləşmişdi. Doğma torpaqlarıma qayıtmaq, orada yenidən həyatın qurulduğunu görmək mənim üçün ayrıca sevinc və qürur mənbəyidir. İllərdir Cəbrayıla gedəndə o tərəfə boylanır, öz-özümə düşünürdüm,görəsən, nə vaxt gedəcəyik?

Bəzən hətta əsəbiləşirdim ki, buradan doğma kəndimizə cəmi 5-6 kilometr məsafə var, amma mən həmin yolu gedə bilmirəm. Öz-özümə deyirdim ki, bu yolu mütləq getməliyəm, doğma torpaqlarıma qovuşmalıyam.

Artıq bu arzum gerçəkləşib. İnşallah, doğma torpaqlarımıza qayıdacaq, orada məskunlaşacaq və həyatı yenidən quracağıq.

Ən böyük arzumuz Qarabağ və Şərqi Zəngəzurda həyatın tam bərpa olunmasını, insanların doğma yurdlarına qayıdaraq xoşbəxt yaşamasını görməkdir.