8 Noyabr - Zəfər Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin dövlətçilik iradəsinin, hərbi qüdrətinin və milli birliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb, Azərbaycanın beynəlxalq mövqeyini və regional proseslərdə rolunu əhəmiyyətli dərəcədə gücləndirib.
Bəs tarixi zəfərdən sonra Azərbaycanın geosiyasi mövqeyində hansı dəyişikliklər baş verib? Tarixi Qələbə ölkəmiz üçün hansı yeni strateji imkanlar yaradıb və bu imkanların uzunmüddətli inkişaf hədəflərinə çevrilməsi üçün hansı istiqamətlər prioritet təşkil edir?
Metbuat.az Azərbaycanın Zəfərdən sonra qazandığı geosiyasi üstünlükləri, regionda formalaşan yeni reallıqları və qarşıdakı strateji hədəfləri Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli ilə müzakirə edib.
Elçin müəllim, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş geosiyasi status-kvonun dəyişməsi baxımından mühüm dönüş nöqtəsi oldu. Sizcə, bu Qələbə Azərbaycanın regional siyasi çəkisini, müstəqil qərarvermə imkanlarını və regionun gələcəyinin müəyyənləşdirilməsindəki rolunu necə dəyişdi?
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın müasir tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu qələbə dövlətimizin hərbi qüdrətini, siyasi iradəsini, milli birliyini və qarşıya qoyduğu strateji məqsədlərə çatmaq əzmini nümayiş etdirdi. Lakin 2020-ci il Zəfərinin əhəmiyyətini yalnız hərbi müstəvidə və ya ərazi bütövlüyümüzün bərpası kontekstində qiymətləndirmək onun tarixi və geosiyasi miqyasını məhdudlaşdırmaq olardı.
Əslində, Azərbaycan 44 günlük müharibə ilə Cənubi Qafqazda onilliklər ərzində formalaşmış siyasi status-kvonu dəyişdirdi. Bu, eyni zamanda, regionda mövcud olan güc münasibətlərinin yenidən müəyyənləşməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin keyfiyyətcə dəyişməsi demək idi. Azərbaycan özünün hərbi-siyasi potensialına, iqtisadi imkanlarına və müstəqil dövlətçilik iradəsinə əsaslanaraq milli maraqlarını təmin etmək iqtidarında olan, regional proseslərin yalnız iştirakçısı deyil, həm də onların istiqamətinə və məzmununa təsir göstərən müstəqil siyasi subyekt olduğunu təsdiqlədi.
Bu mənada Zəfərin ən mühüm strateji nəticələrindən biri Azərbaycanın regional qərarların formalaşmasında iştirak imkanlarının və siyasi çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır. Əgər əvvəlki mərhələdə Cənubi Qafqazdakı proseslər daha çox kənar güc mərkəzlərinin maraqları və təsir mexanizmləri çərçivəsində nəzərdən keçirilirdisə, postmüharibə dövründə Azərbaycanın mövqeyi həmin proseslərin müəyyənləşdirilməsində əsas amillərdən birinə çevrilib.
Burada söhbət yalnız hərbi üstünlükdən getmir. Azərbaycan özünün iqtisadi potensialı, enerji təhlükəsizliyindəki rolu, beynəlxalq nəqliyyat-kommunikasiya sistemindəki mövqeyi və çoxşaxəli diplomatik münasibətləri ilə regional geosiyasi proseslərin mühüm iştirakçısı statusunu möhkəmləndirib. Artıq Cənubi Qafqazla bağlı hər hansı siyasi və iqtisadi təşəbbüsün Azərbaycanın milli maraqları və mövqeyi nəzərə alınmadan reallaşdırılması ciddi çətinliklərlə üzləşir.
Bu, Azərbaycanın regional siyasi subyektliyinin güclənməsinin real ifadəsidir.
Zəfərdən sonra Cənubi Qafqazda yaranmış geosiyasi reallığın mühüm xüsusiyyətlərindən biri regionun beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətidir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat-kommunikasiya istiqamətlərinin kəsişməsində yerləşən Cənubi Qafqaz artıq yalnız regional maraqların deyil, qlobal iqtisadi və siyasi rəqabətin də mühüm istiqamətlərindən birinə çevrilib.
Bu rəqabətin əsas səbəblərindən biri regionun enerji təhlükəsizliyi, beynəlxalq logistika, tranzit imkanları və yeni iqtisadi marşrutlar baxımından strateji əhəmiyyətidir. Azərbaycanın coğrafi mövqeyi, enerji infrastrukturu, nəqliyyat imkanları və regional təşəbbüsləri ölkəmizin bu proseslərdəki rolunu daha da artırır.
Zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regionu həm böyük güclərin maraqlarının kəsişdiyi, həm də yeni əməkdaşlıq imkanlarının yarandığı strateji məkana çevirib. Ermənistanla sülh prosesinin davam etdiyi və geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Azərbaycan müstəqil xarici siyasət kursunu və milli maraqlarını qorumaq üçün hansı strateji balansı əsas götürməlidir?

Fotoda: millət vəkili Elçin Mirzəbəyli
Zənnimcə, Azərbaycanın postmüharibə dövründəki geosiyasi mövqeyini şərtləndirən əsas amillərdən biri məhz müstəqil xarici siyasət kursunun ardıcıl həyata keçirilməsidir. Bu siyasət hər hansı geosiyasi mərkəzin maraqlarının prioritetə çevrilməsinə deyil, milli maraqların, dövlət suverenliyinin və təhlükəsizlik mənafelərinin əsas götürülməsinə söykənir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edən, lakin öz siyasi qərarlarını müstəqil şəkildə qəbul edən dövlətdir. Bu yanaşma ölkəmizin xarici siyasətində praqmatizmin, qarşılıqlı faydalı əməkdaşlığın və milli maraqların uzlaşdırılmasının əsas prinsip kimi çıxış etdiyini göstərir.
Böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin güclənməsi fonunda Azərbaycanın siyasi mövqeyinin əhəmiyyəti daha aydın görünür. Çünki ölkəmiz regionun gələcəyi ilə bağlı qərarların qəbulunda kənar təsirlərin deyil, regional dövlətlərin suveren hüquqlarının və maraqlarının əsas götürülməsi prinsipini müdafiə edir.
Bu, Azərbaycanın müstəqil xarici siyasətinin mahiyyətindən irəli gələn prinsipial mövqedir.
Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesini də Azərbaycanın əldə etdiyi Zəfərin yaratdığı yeni geosiyasi reallıq kontekstində qiymətləndirmək lazımdır.
Azərbaycanın mövqeyi bu məsələdə beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və qarşılıqlı hörmətə əsaslanır. Sülh prosesi ilk növbədə, münaqişənin hüquqi və siyasi nəticələrinin aradan qaldırılmasını, dövlətlərarası münasibətlərin normal məcraya yönəldilməsini və regionda dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasını nəzərdə tutur.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar və sülh sazişi mətninin paraflanması bu prosesdə mühüm mərhələ oldu. Bununla yanaşı, sülhün dayanıqlılığı yalnız siyasi sənədlərlə deyil, onların praktiki icrası, tərəflərin üzərinə götürdüyü öhdəliklərə münasibəti və regional əməkdaşlığın real mexanizmlərinin formalaşması ilə müəyyənləşir.
Burada xüsusilə bir məqamı qeyd etmək vacibdir: Azərbaycanın sülh gündəliyi hərbi qələbənin yaratdığı reallıqların inkarı deyil, həmin reallıqların beynəlxalq hüquq və dövlətlərarası münasibətlər sistemi çərçivəsində təsbit olunması prosesidir.
Eyni zamanda, sülhün iqtisadi komponenti də mühüm əhəmiyyət daşıyır. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, regional ticarət münasibətlərinin genişlənməsi və iqtisadi qarşılıqlı asılılığın yaranması Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına təsir göstərən amillərdir.
Zəngəzur istiqamətində kommunikasiyaların açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi məsələsi də bu kontekstdə xüsusi geosiyasi və geoiqtisadi məna daşıyır. Bu, yalnız nəqliyyat layihəsi deyil, həm də regionun iqtisadi xəritəsini və beynəlxalq logistika sistemindəki mövqeyini dəyişə biləcək strateji istiqamətdir.
Hərbi Qələbənin uzunmüddətli siyasi, iqtisadi və geostrateji üstünlüklərə çevrilməsi postmüharibə dövrünün əsas hədəflərindəndir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və milli təhlükəsizliyin gücləndirilməsi fonunda Azərbaycanın Zəfərin nəticələrini davamlı inkişaf amilinə çevirməsi üçün qarşıdakı illərdə hansı strateji istiqamətlər prioritet olmalıdır?
2020-ci ildə əldə edilmiş hərbi-siyasi üstünlüyün uzunmüddətli nəticələri artıq Azərbaycanın inkişaf gündəliyinin müxtəlif istiqamətlərində özünü göstərir. Bu nəticələr, ilk növbədə, ərazi bütövlüyünün və suverenliyin bərpası, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən formalaşdırılması və ölkənin geoiqtisadi mövqeyinin güclənməsi ilə bağlıdır.
Böyük Qayıdış proqramı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri yalnız dağıdılmış infrastrukturun yenidən qurulması deyil. Bu proses Azərbaycanın iqtisadi və sosial inkişaf modelinin yeni imkanlar əsasında genişlənməsini, həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını təmin edir.
Azad edilmiş ərazilərdə yaşıl enerji, kənd təsərrüfatı, turizm, sənaye və müasir logistika infrastrukturu üzrə formalaşan imkanlar Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm komponentləridir. Bu ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsi həm də Zəfərin nəticələrinin sosial-iqtisadi müstəvidə möhkəmlənməsi deməkdir.
Digər mühüm istiqamət Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin güclənməsidir. Orta Dəhlizin inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları, Xəzər hövzəsində tranzit əlaqələrinin genişlənməsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu artıran amillərdir.
Burada Azərbaycanın geoiqtisadi mövqeyinin əhəmiyyəti yalnız tranzit gəlirləri ilə ölçülmür. Nəqliyyat və logistika imkanları ölkənin beynəlxalq investisiya cəlbediciliyinə, iqtisadi əlaqələrinin coğrafiyasına və regional proseslərdəki siyasi çəkisinə də birbaşa təsir göstərir.
İqtisadiyyatın şaxələndirilməsi də Zəfərdən sonrakı inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Enerji resursları Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynasa da, uzunmüddətli perspektivdə iqtisadi dayanıqlılıq qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi, innovasiyalar və insan kapitalının gücləndirilməsi ilə sıx bağlıdır.
Bu kontekstdə enerji təhlükəsizliyi ilə yanaşı, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar, süni intellekt və müasir istehsal sahələri də ölkənin gələcək rəqabətqabiliyyətliliyini müəyyənləşdirən amillər kimi çıxış edir.
Milli təhlükəsizlik və müdafiə qabiliyyətinin inkişafı isə bu sistemin ayrılmaz tərkib hissəsidir. 44 günlük müharibənin təcrübəsi müasir hərbi texnologiyaların, çevik idarəetmənin, kəşfiyyat imkanlarının və texnoloji üstünlüyün müharibənin nəticələrinə təsirini aydın şəkildə nümayiş etdirdi. Postmüharibə dövründə müdafiə sənayesinin inkişafı, pilotsuz sistemlər, kibertəhlükəsizlik və rəqəmsal hərbi idarəetmə imkanları milli təhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilib.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyi də strateji əhəmiyyət kəsb edir. Müasir geosiyasi rəqabət yalnız hərbi, iqtisadi və diplomatik müstəvilərdə deyil, həm də informasiya məkanında aparılır. Dezinformasiya, selektiv informasiya təqdimatı və siyasi manipulyasiya cəhdləri dövlətlərin beynəlxalq imicinə və maraqlarına təsir göstərən vasitələr kimi istifadə olunur.
Bu baxımdan Azərbaycanın özünün tarixi həqiqətlərini, beynəlxalq hüquqa əsaslanan mövqeyini və regional sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanları da dövlət gücünün mühüm komponentlərindən biridir.
Hesab edirəm ki, 44 günlük müharibədə əldə edilmiş Zəfər Azərbaycanın dövlətçilik tarixində yalnız bir tarixi mərhələnin başa çatması deyil, həm də yeni geosiyasi və iqtisadi inkişaf mərhələsinin başlanmasıdır.
Bu qələbə ölkəmizin regional güc münasibətlərindəki yerini dəyişdirdi, beynəlxalq münasibətlər sistemində siyasi subyektliyini gücləndirdi və milli maraqların təmin olunması baxımından yeni imkanlar yaratdı.
Lakin Zəfərin strateji miqyası yalnız müharibədən sonrakı ilk siyasi nəticələrlə məhdudlaşmır. Onun əsl əhəmiyyəti Azərbaycanın gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik arxitekturasına və beynəlxalq iqtisadi münasibətlər sistemindəki mövqeyinə təsirindədir.
Bu gün Azərbaycan həm ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət, həm regional nəqliyyat və enerji sistemlərinin mühüm iştirakçısı, həm də Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına təsir göstərən aktor kimi çıxış edir.
Ən başlıcası, ölkəmizin əldə etdiyi bu mövqe müstəqil dövlətçilik iradəsinə və milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Bu siyasətin mahiyyəti dəyişməzdir: Azərbaycanın suverenliyi, təhlükəsizliyi, ərazi bütövlüyü və davamlı inkişafı bütün beynəlxalq münasibətlər sistemində əsas götürülən prioritetlərdir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın tarixində yeni geosiyasi və siyasi reallıqlar formalaşdırmaqla yanaşı, ölkənin gələcək inkişafı üçün də geniş imkanlar yaradıb. Bu gün həmin tarixi Qələbənin nəticələrinin qorunması, azad edilmiş ərazilərin bərpası, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Zəfərin tarixi əhəmiyyəti isə onun yalnız keçmişin şanlı səhifəsi deyil, həm də gələcək nəsillər üçün dövlətçilik iradəsinin və milli birliyin nümunəsi olmasıdır.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
