“Bütün Azərbaycan xalqını bu tarixi gün – Zəfər Günü münasibətilə təbrik edirəm. Hamımız Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidəki inanılmaz dərəcədə güclü nitqinin təsiri altındayıq. Bu, çox güclü və emosional çıxış idi”.

Metbuat.az xəbər verir ki, bunu tanınmış jurnalist, radio və televiziya aparıcısı, yazıçı, ictimai xadim Mixail Qusman Trend-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın tarixi Qələbəsinin bütün xalqın birliyi və mübarizəsi nəticəsində əldə olunmasıdır.

“Prezident bir daha vurğuladı ki, bu Qələbə bütün Azərbaycan xalqının Qələbəsi idi və asan əldə olunmamışdı. Çünki düşmən güclü və hiyləgər idi, 30 il ərzində müharibəyə hazırlaşırdı. Azərbaycan əsgərinin şücaəti, bütün Ordunun cəsarəti və Ali Baş Komandanın Orduya göstərdiyi misilsiz rəhbərlik öz nəticəsini verdi. Arxasında xalqın dayandığı Azərbaycan Ordusu Qələbə qazandı. Bu Qələbə əsrlər boyu xatırlanacaq, Azərbaycan xalqı onu qazananlara daim minnətdarlıq edəcək”, – deyə o bildirib.

M.Qusman vurğulayıb ki, hazırda Azərbaycanın əsas məqsədlərindən biri doğma Qarabağ torpaqlarında həyatın tam bərpa olunmasıdır.

“Bu gün əsas məqsəd doğma, azad Qarabağ torpaqlarımıza həyatın tam qayıtmasıdır. Artıq 100 minə yaxın insan orada yaşayır, təhsil alır, yeni iş yerləri açılır. Qarabağ hər gün daha çox işğaldan əvvəlki əhəmiyyətli və canlı Azərbaycan məkanına çevrilir”, – deyə o bildirib.

Jurnalist Prezident İlham Əliyevin çıxışında Azərbaycançılıq məfkurəsinin mahiyyətinə dair fikirlərin də onda xüsusi təəssürat yaratdığını qeyd edib.

“Xüsusilə mənə toxunan məqam Prezident İlham Əliyevin Azərbaycançılıq məfkurəsinin əhəmiyyətinin və fəlsəfi mahiyyətinin açıqlanması oldu. Azərbaycan vətəndaşı olmaq azdır, özünü azərbaycanlı adlandırmaq azdır, etnik azərbaycanlı olmaq da kifayət deyil. Azərbaycançılıq dərin humanizm, ali dəyərlər idealı kimi insanın qanına, canına hopmalıdır.

Bu böyük anlayışın – Azərbaycançılıq məfkurəsinin mahiyyətini belə ustalıqla ifadə etdiyinə görə cənab Prezidentə xüsusi təşəkkür edirəm”, - deyə M.Qusman əlavə edib.