Bakı, 12 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi yer tutan “Sərhəd” hərbi-idman oyunları uğurla başa çatıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, builki hərbi-idman oyunları ölkəmizin dünya idman tarixinə şanlı səhifələr yazdığı ərəfəyə təsadüf edib. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük təntənə ilə keçirilməsi ölkəmizin siyasi-iqtisadi qüdrətinin növbəti ifadəsi, gənclərin sağlamlığına və idmanın inkişafına göstərilən böyük qayğının nəticəsidir.
Dövlət Sərhəd Xidməti rəisinin, təhsil, eləcə də gənclər və idman nazirlərinin birgə qərarına əsasən üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyunlarında bu il 28 sərhədyanı rayonun 136 məktəbindən 680 şagird iştirak edib. İlk iki mərhələdə yarışların qalibi olmuş 8 komanda– Ordubad rayonunun internat məktəbinin, Füzuli rayonunun Horadiz şəhər 1 nömrəli tam, Cəlilabad rayonunun Ləkin kənd, Lənkəran rayonunun Haftoni kənd, Qusar rayonunun Yuxarı Zeyxur kənd, Qəbələ rayonunun Abrıx kənd, Qax rayonunun Zəyəm kənd, Qazax rayonunun 1-ci Şıxlı kənd orta məktəblərinin komandaları Lənkəran Sərhəd Dəstəsində keçirilən final mərhələsinə vəsiqə qazanıblar.
İyunun 3-dən 11-dək keçirilən final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” və “Ləpirçilik” mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.
Səkkiz gün ərzində iştirakçıların asudə vaxtlarında Astara şəhər tarix və diyarşünaslıq muzeyinə, Heydər Əliyev parkına ekskursiyaları təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib. Astara rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.
Toplanılan ümumi balların nəticələrinə görə Ordubad rayonunun internat məktəbinin “Dübəndi” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası ikinci, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin “Zeyxur” komandası isə üçüncü yerləri tutub.
Lənkəran Sərhəd Dəstəsində oyunların yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri çıxış edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə turnirin qalibləri kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.










