Şəhid Mehman Muradovun şərəfli ömür yolu gənclər üçün vətənpərvərlik nümunəsidir

19:43 20 Yanvar 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 20 yanvar, Şahnəzər Bəşirov, AzərTAc 
Yüzlərlə Vətən övladı kimi, mənim qardaşım Mehman Muradov da Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçərək şəhid olub. Bu gün Azərbaycan xalqı bu qəhrəman oğullarla fəxr edir.
Bu sözləri 20 Yanvar faciəsi zamanı şəhid olan Göyçay sakini Mehman Muradovun qardaşı Mehdi Muradov AzərTAc-a müsahibəsində söyləyib.
Şəhidin qardaşı Mehman Muradovun keçdiyi şərəfli ömür yolunun gənclər üçün qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olduğunu bildirib. O, qardaşının çox vətənpərvər bir gənc olduğunu, onun Göyçay şəhərindəki 3 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) oxuduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıda elektrik məhsulları istehsalı zavodunda işlədiyini bildirib. Mehman 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən dəhşətli hadisələri eşidib və səhər tezdən vətənpərvər dostları ilə birgə Salyan kazarmasının yanına gedib. Orada onu snayperdən açılan atəş nəticəsində qətlə yetiriblər. Hazırda Göyçay şəhərindəki küçə və orta məktəblərdən biri 26 yaşında şəhid olan Mehman Muradovun adını daşıyır. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün onun yaşadığı evin qarşısında büstü qoyulub.
Mehdi Muradov deyib: “Göyçayın Şəhidlər xiyabanında mənim qardaşımla yanaşı, 20 Yanvar şəhidi Rauf İsayev də dəfn edilib. Azərbaycan xalqı bu şəhidlərin qanı bahasına öz müstəqilliyini əldə edib. 20 Yanvar şəhidləri xalqımızın azadlıq arzularının reallaşması üçün canlarından keçiblər. Xalqımız onları heç vaxt unutmayacaq. Mən tez-tez Şəhidlər xiyabanına gələrək buradakı məzarları ziyarət edirəm. Dövlətimiz tərəfindən ailəmizə hər cür qayğı göstərilir. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdaram”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehid_Mehman_Muradovun_serefli_omur_yolu_gencler_uchun_vetenperverlik_numunesidir-826195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR