Şəhid anası: Biz övladlarımızla hər zaman qürur duyuruq

Şəhid anası: Biz övladlarımızla hər zaman qürur duyuruq
11:23 21 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 21 yanvar, Mustafa Dadaşov, AzərTAc
20 Yanvar hadisələrindən bizi 25 il vaxt ayırır. Bu faciəni hüzn günü kimi qeyd etsək də, 20 Yanvar, həm də bizim şərəf tariximizdir. Ona görə ki, 20 Yanvarda canlarından keçən Azərbaycanın qəhrəman oğul və qızları Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə şanlı yol açdılar, şəhidlik zirvəsinə yüksəldilər.
Bu sözləri Qax şəhər sakini, fəal ictimaiyyətçi, müəllim, şəhid anası Sona Süleymanova AzərTAc-a müsahibəsində deyib.
Sona Süleymanovanın oğlu Namiq Allahverdiyev 1992-ci ilin sentyabrında Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən qanlı döyüşlərdə şəhid olub. O zaman Namiqin 18 yaşı hələ yenicə tamam olmuşdu.
Müsahibimiz bildirib ki, hər adamın taleyinə şəhidlik qisməti yazılmır. Yalnız torpaq uğrunda, Vətənin azadlığı uğrunda canlarından keçənlərə şəhid deyirlər. 1990-cı ilin 20 yanvarında həyatlarından keçən qəhrəman həmvətənlərimiz sonrakı illərdə Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda həyatlarını qurban verəcək igid oğul və qızlarımız üçün yeni şəhidlik zirvəsi açdılar.
Azərbaycan xalqının, xüsusilə şəhid analarının o qanlı-qadalı günləri heç vaxt yaddan çıxarmayacağını vurğulayan Sona Süleymanova deyib: “Düzdür, biz şəhid anaları, şəhid ailələri həyatdan vaxtsız köçən övladlarımızın ağrı-acısını çəkirik, hər zaman onları xatırlayırıq. Lakin bugünkü azad, xoşbəxt, firavan Azərbaycanı görəndə bu xoşbəxtliyi xalqımıza bəxş edən övladlarımızla fəxr edirik. Bu günlər Şəhidlər xiyabanına ziyarətə gələn axın-axın insanlar da bunu deyirlər. Deməli, bizim övladlarımız xoşbəxtdirlər ki, bu qədər insan ilboyu onları yad edir, xatırlayır. Biz şəhid anaları bununla təsəlli tapırıq. Biz o zaman tam təsəlli tapacağıq ki, şəhidlərimizin qanı yerdə qalmasın, əzəli torpağımız olan Qarabağ geri qaytarılsın, Azərbaycan bütöv olsun”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehid_anasi_Biz_ovladlarimizla_her_zaman_qurur_duyuruq-826279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR