Bakı, 18 iyun, AZƏRTAC
Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır. İldən-ilə bu xəstəliklərlə, proqramların icrası və dərman təminatı ilə bağlı şikayətlər azalır. İndi dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir əlavə edib ki, ötən bir il ərzində Azərbaycan səhiyyəsində daha bir yenilik toksikoloji laboratoriyanın açılması olub. Çox mürəkkəb, bahalı avadanlıqları olan bu laboratoriya toksiki materialların gələcəkdə sağlamlığa vura biləcəyi zərərin profilaktikası baxımından böyük əhəmiyyət daşıyır.
O.Şirəliyev dövlətimizin başçısının tapşırığına əsasən keçirilən kütləvi dispanserizasiyası tədbirinin nəticələrindən də danışıb. “Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib. Bu tədbir xəstəliklərin erkən aşkarlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə dispanserizasiyanın sağlamlıq göstəricilərinə müsbət təsirinin şahidi olacağıq”, -deyə o bildirib.