Geologiya və Geofizika İnstitutunda elmi şuranın iclası olub

Geologiya və Geofizika İnstitutunda elmi şuranın iclası olub
22:23 19 İyun 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, “Binəqədi dördüncü dövr fauna və flora tapıntı yeri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda tədqiqatlardan danışıb. Bildirilib ki, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin mövzu üzrə gördüyü işlər ölkədə təbiətin qədim tarixinin öyrənilməsi, elmin təbliği və elmi potensiala söykənən turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Muzeyin əməkdaşları son illər bu istiqamətlərdə mühüm nəticələr əldə ediblər.
Muzeyin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun sözügedən nəticələr barədə məruzəsi dinlənilib. O, son üç ildə Binəqədi fauna və flora qəbiristanlığında qazıntı işlərinin aparılması nəticəsində 30 mindən çox sümük, diş, lələk və buğumayaqlıların xitin örtüklərinin aşkarlandığını, bitumdan təmizləndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, üç yeni quş növü və xeyli yeni bitki növü də muzeyin kolleksiyasına əlavə olunub.
Tapıntılar üzərində aparılmış tədqiqatların nəticələri cari ilin martında Moskvada Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, apreldə isə Los-Anceles şəhərinin George C.Page və Təbiət Tarixi muzeylərinin rəhbərlikləri ilə müzakirə edilib. Görüşlərdə hər üç təşkilat ilə əməkdaşlıq imkanlarından da bəhs olunub.
T.Eybatov vurğulayıb ki, Binəqədi fauna və flora qəbiristanlığından tapılmış kərgədanının mütləq yaşı 190 min deyil, 45 min il müəyyənləşdirilib. Bunlardan əlavə, qazıntıların bir qisminin holosenə aid olduğu aşkarlanıb.
Sonra tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul edilib.
İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. AMEA prezidentinin sərəncamları və rəyasət heyətinin qərarlarından bəhs edən D.Hüseynov bildirib ki, yeni qərara əsasən bu ildən etibarən doktoranturaya qəbul imtahanları test üsulu ilə aparılacaq və bununla əlaqədar olaraq institutun aparıcı alimləri oktyabrın 1-dək 15 elmi istiqamət üzrə test sualları hazırlamalıdırlar.
Daha sonra müxtəlif proqram və qrant layihələrinin icrasından bəhs olunub. “Azərbaycan ərazisinin dərinlik quruluşu və paleomaqnetizmi”, “Gədəbəy filiz rayonunun gec yura-erkən təbaşir yaşlı intruziv maqmatizminin kristallaşmasının fiziki-kimyəvi şəraiti və filizəmələgətirən elementlərin təkamül prosesində paylanma qanunauyğunluqları” və “Azərbaycan ərazisinin müasir geodinamikası, geofiziki sahələri və dərinlik quruluşu” mövzularında aparılan tədqiqatlar, həmçinin “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nın icrası və “Qarabağın geoloji-coğrafi Atlası”nın tərtibi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
İclas kadr, elmi nəşr və digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Geologiya_ve_Geofizika_Institutunda_elmi_suranin_iclasi_olub-865455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR