İbrahim Rəhimpur: İrana Suriyada hakimiyyət boşluğunun yaranmasına imkan vermədiyi üçün minnətdar olmalıdırlar (MÜSAHİBƏ)

İbrahim Rəhimpur: İrana Suriyada hakimiyyət boşluğunun yaranmasına imkan vermədiyi üçün minnətdar olmalıdırlar (MÜSAHİBƏ)
09:03 26 Dekabr 2014
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun Trend-ə eksklüziv müsahibəsi

- Uzun illərdir İrandakı layihələrə Hindistan və Çinin maliyyə ayırması məsələsi gündəmdədir, lakin nəticə əldə olunmayıb. Son zamanlar tərəflər arasında razılıqların əldə olunması ilə bağlı məlumatlar dərc edilir. Razılıq əldə olunubmu? Bu iki ölkə neçə layihəni maliyyələşdirməyi planlaşdırır və bu layihələr hansı sahələri əhatə edir?

- Çin uzun illərdir ki, İrandakı layihələri maliyyələşdirir və bu proses hazırda da davam edir. Bu ölkə yaxın zamanlarda İranda bir sıra yeni layihələri də maliyyələşdirəcək. Çin və İran arasında bu məsələdə heç bir maneə yoxdur. İrandakı layihələrin Hindistan tərəfindən maliyyələşdirilməsi məsələsi isə hazırda müzakirə olunur. Ölkələr arasında ilkin razılıq əldə olunub və görünən odur ki, tərəflər tezliklə tam razılığa gələcəklər.

- İran və Rusiya bir neçə il öncə iki ölkə arasında ticarət mübadiləsində dollar və avrodan deyil, milli pul vahidindən istifadə ilə bağlı razılığa gəldi, lakin sonra bu məsələyə dair açıqlamalar verilmədi. Bu sahədə iki ölkə arasında danışıqlar aparılırmı? Rublun dəyərinin azalması ticarət mübadiləsində milli pul vahidindən istifadə riskini artırmırmı?

- Əgər hazırda biz Rusiya ilə hər hansı ticarət mübadiləsi həyata keçiririksə, bu, o deməkdir ki, mövcud durumu dərk edərək və hazırkı vəziyyətdə bu işi görürük. Yəni keçmişdən onların biz hər hansı bir borcu yoxdur ki, rublun dəyərinin düşməsi bizim ticari əlaqələrimizə mənfi təsir göstərsin. İran və Rusiya arasında mövcud ticari əlaqələr qənaətbəxş deyil və artırılmalıdır. Hər iki ölkə müştərək komissiyanın iclasında ticarət mübadiləsinin həcminin artırılmasına qərar verdi. Bu baxımdan demək olar ki, İran və Rusiya əlaqələrində yeni dövr başlayır. Yeni dövrün başlaması mövcud durumda baş verir. Yəni həm rublun, həm də rialın dollara nisbətən dəyərinin nə qədər olduğunu bilirik. Bu baxımdan düşünürəm ki, rublun dəyərinin düşməsi milli pul vahidi ilə ticarət mübadiləsini həyata keçirməyimizə təsir etməyəcək. Əlaqələrimizin inkişafına yeni başlayırıq. İran və Rusiya iqtisadi, ticari və sənaye sahəsində əməkdaşlığı genişləndirməlidir. Hər iki ölkə rəhbərlərinin iradəsi buna imkan verir. Tərəflər ciddi qərar qəbul edərək işə başlayıblar və düşünürəm ki, əlaqələrin inkişafı hər iki ölkənin xeyrinə olacaq. Biz Rusiyaya ixrac, oradan isə idxal edəcəyik. Hər iki ölkənin sanksiyalarla üzləşdiyini nəzərə alsaq, həm İran, həm də Rusiya üçün yeni bazar formalaşır və bu, hər iki ölkənin xeyrinədir.

- İranın nüvə proqramı ilə bağlı müzakirələr davam edir. Ötən ildən müzakirələrdə əldə olunan bəzi razılıqlara əsasən sanksiyalar yumşaldıldı və bu, İranın xarici ticarətinə təsir etdi. İran gömrük xidmətinin statistikasına görə, hələ də İrandan neft və qeyri-neft sektoru məhsulları ixracının 90 faizi Şərq ölkələrinədir. Qərb ölkələrinə ixracat həcminin artması üçün hər hansı proqramınız varmı?

- Biz sanksiyalarla üzləşdiyimiz dövrdə özümüzü yeni statusa uyğunlaşdırdıq və təbii ki, Qərb deyil, daha çox Şərq ölkələri ilə əməkdaşlıq etdik. Elə buna görə də sanksiyalar dövründə ölkədə vəziyyətə yaxşı nəzarət edə bildik. Hazırda Qərb ölkələrinin İrana marağının artdığını görürük. İran bazarı Qərb ölkələri üçün cəlbedici hesab olunur. Hələ sanksiyalar tam ləğv olunmayıb, lakin Qərb ölkələri İranla necə münasibətlər qurması üçün araşdırmalara başlayıblar. Bu, ikitərəfli xeyri ola biləcək səmtləşmədir. Biz yeni şəraitdə öz xarici ticari əlaqələrimizdə balans yaratmaq istəyirik. Amma bu, o demək deyil ki, sanksiyalar dövründə bizimlə əməkdaşlıq edən ölkələri unudacağıq. Hazırda İranın xarici ticarət dövriyyəsi 140 milyard dollar həcmindədir. Sanksiyalar ləğv olunarsa, bizim xarici ticarət dövriyyəmiz 200 milyard dollar, hətta daha çox olar. Bu, təbii prosesdir. Biz hazırkı əməkdaşlığımızı davam etdirməklə yanaşı, yeni ölkələrlə yeni imkanları dəyərləndirib işləyəcəyik.

- Nüvə müzakirələri İranda beynəlxalq ictimaiyyət, xüsusilə Qərb ölkələri ilə iqtisadi və siyasi əlaqələrin normallaşmasına nə dərəcədə ümid yaradıb?

- Ümid demək olar ki, hər iki tərəfdə yaranıb. Həm Qərb ölkələri, həm də İranın daxilində müzakirələrə ümid var. Düşünürəm ki, hər iki tərəf "uduş-uduş" prinsipi ilə müzakirələri davam etdirir. Eləcə də həm İran, həm də Qərb ölkələrinin bir sıra tələb və gözləntiləri var. İran xalqı keçmişdə çətin günlər keçirib və o qədər də sadəlövh deyil. Müzakirələrə ümid var, lakin həm də tədbir var və bu ikisi bir-birini təkmilləşdirir. Biz çalışırıq ki, həm bizim üçün, həm də digər ölkələr üçün daha yaxşı və əlverişli vəziyyət yaransın.

- Siz bundan öncə çıxışlarınızda İranın "İslam Dövləti" mövqelərinə hava hücumları həyata keçirdiyini demişdiniz. İran bu hücumları davam etdirəcəkmi? İraq və Suriyaya İD təhlükəsi ilə mübarizə üçün İran nə kimi yardımlar etməyi düşünür?

- İranın rəsmi Bağdad, eləcə də İraqın Kürdistan əyaləti ilə əməkdaşlığı davam etdiriləcək. Onlar bizim müttəfiqlərimizdir və bizdən hər hansı bir yardım istəsələr, biz köməyimizi əsirgəməyəcəyik. İraq və İranın təhlükəsizliyi bir-birinə bağlıdır. Onlar bizim müttəfiqlərimiz olduğu üçün onlara müxtəlif yardımlar etmişik və edəcəyik. Terrorizmə qarşı birgə mübarizə aparacağıq. Bu, Suriya ilə bağlı da belədir. Dünya bilir ki, Suriyada terrorizmlə mübarizə apardıq. İran Suriyanın da müttəfiqidir. Sevindirici haldır ki, indi Qərb ölkələri də bunu dərk edib ki, Suriyada hakimiyyət boşluğu yaranmamalıdır. Orada hakimiyyət boşluğu yaranarsa, insanlığa zidd qüvvələr bu boşluğu doldurmağa çalışacaq və buna imkan verilməməlidir. Görünən odur ki, Suriya və İranın müqaviməti region və dünya üçün faydalı olub. Əgər bundan öncə İrana qarşı ittihamlar irəli sürürdülərsə, indi bu ittihamlar azalıb. Onlar İrana Suriyada hakimiyyət boşluğunun yaranmasına imkan vermədiyi üçün minnətdar olmalıdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR