Salyan, 1 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi “Yeniyetmə və gənclərin radikal meyillərdən və zərərli vərdişlərdən çəkindirilməsində asudə vaxtın səmərəli təşkilinə dəstək” layihəsini icra edir. Layihənin məqsədi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və istirahət yerləri ilə tanışlıq, asudə vaxtın səmərəli keçirilməsinə dəstək verməkdir.
Avqustun əvvəlinədək icra olunacaq layihə çərçivəsində Salyan rayonunun şəhər və kənd məktəblərində seminar və "dəyirmi masa"ların keçirilməsi, zərərli vərdişlərə meyilli olan yeniyetmə və gənclərin respublikamızın paytaxtı Bakı şəhərinə və bölgələrə mədəni turlarının təşkilı nəzərdə tutulub.
"Ana Kür" İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov AZƏRTAC-a bildirib ki, layihənin icrasının birinci dövründə nəzərdə tutulan maarifləndirici işlər uğurla yekunlaşıb. Fəaliyyət planına uyğun olaraq, ikinci dövrənin ilk tədbirinə Lənkəran şəhərinə iki mədəni turun başlanması ilə start verilib. Səfər zamanı turda iştirak edən yeniyetmə və gənclər bölgənin mövcud fauna və florası barədə məlumatlandırılıblar. Lənkəran şəhəri ilə tanışlıq tədbir iştirakçılarında xoş təəssürat oyadıb.
Tədbirin proqramına uyğun olaraq, tur iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyində də olublar.
Tədbir iştirakçıları həmin gün Hirkan Milli Parkına gəlib, burada qorunan təbiət abidələri barədə bilgilərini artırıblar.
Yeniyetmə və gənclərin iştirakı ilə Lənkərana mədəni tur təşkil edilib
Yeniyetmə və gənclərin iştirakı ilə Lənkərana mədəni tur təşkil edilib