Nazir müsahibəsində Avropa Oyunlarının ölkəmizin təbliğində önəmli rol oynadığını bildirib. Onun sözlərinə görə, açılış və bağlanış mərasimlərin hazırlanmasına cəlb olunmuş əcnəbi mütəxəssislər muzeylərdə, kitabxanalarda olurdular, mədəniyyətimiz, mənəvi dəyərlərimizlə bağlı materialları araşdırdılar. Azad Rəhimov bundan başqa əcnəbi mütəxəssislərin məşhur bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun ölməz musiqilərinə böyük maraq göstərdiyininin də şahidi olduğunu bildirib.

Avropa qitəsi baxımından ölkəmizdə keçirilən oyunların əhəmiyyətinə toxunan nazir hər bir hadisənin ilkinin insanların diqqətini daha çox cəlb etdiyini deyib.
- “Bakı-2015” dünyada çox böyük maraq doğurdu. Bu yeni layihə, eyni zamanda, ona görə maraqlı idi ki, Avropanın Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq, bu qitənin heç vaxt öz Oyunları olmayıb. Avropanın paytaxt şəhərlərində təqdimatlar keçirməklə “Bakı-2015”ə diqqəti daha çox cəlb edək. Mübaliğəsiz deyə bilərəm ki, biz bu məqsədə nail olduq.
Azad Rəhimov ölkəmizin I Avropa Oyunlarında ikinci yer tutacağını və bu qədər medal qazanacağımızı gözləmədiyini etiraf edib.
İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən I Avropa Oyunlarında ilk pillənin sahibi Rusiya komandası olub. Şimal qonşularımız 79 qızıl, 40 gümüş və 45 bürünc medalla zirvədə yer alıb. Ölkəmiz 21 qızıl, 15 gümüş, 20 bürünc medala sahib olmaqla ikinci yerdə qərarlaşıb. Ən güclü üçlüyü isə aktivində 47 medalla (18 qızıl, 10 gümüş, 19 bürün) Böyük Britaniya qapayıb.