Bakı, 2 iyun, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) gənclər təşkilatları institutunun gücləndirilməsi üzrə fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, ARGTMŞ-in üzv təşkilatlarının rəhbərlərinə, mərkəzi nəzarət-təftiş komissiyasının, idarə heyətinin və təşkilatın katibliyinə “Sağlam Ailə” Tibb Mərkəzinin tibb kartları təqdim edilib.
Tədbirdə qeyd olunub ki, “Sağlam Ailə” tibb kartları hər bir şəxsə məxsus olan tibbi tarixçə kartıdır. Kartdan yalnız bu səhiyyə ocağında istifadə etmək mümkündür.
Həmçinin vurğulanıb ki, ARGTMŞ həyata keçirdiyi “3G” strategiyası çərçivəsində “Sağlam Ailə” Tibb Mərkəzi ilə səmərəli əməkdaşlıq edir. Məhz bu əməkdaşlıq çərçivəsində dekabrda 500 nəfərin iştirakı ilə “Sağlam gənclik, sağlam gələcək” forumu təşkil olunub. Bundan başqa, bu tibb ocağına infotur təşkil olunub. Həmçinin birgə təşkilatçılıq sayəsində “Sağlam ailə-sağlam cəmiyyət-güclü dövlət” mövzusunda konfrans keçirilib.