Bakı, 3 iyul, Elvira Məmmədova, AZƏRTAC
İyulun 3-də Rusiya Federasiyasının “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ADİU-nun rektoru, professor Ədalət Muradov dinamik inkişaf edən Azərbaycanın iqtisadi uğurlarından və Rusiya ali təhsil müəssisəsi ilə əməkdaşlığın perspektivlərindən danışıb.
Y.Kuzminov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, bu il aprelin 17-də ADİU ilə “Ali İqtisad Məktəbi” arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə hər iki ali məktəb arasında potensial əməkdaşlığın əsas istiqamətləri kimi bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının, həmçinin tələbə, magistrant və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkili, elmi tədqiqatların aparılması, yeni tədris metodlarının öyrənilməsi və digər məsələlər nəzərdə tutulur.