Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının ikinci xüsusi şöbəsində AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) bu qurumun elmi müəssisə və təşkilatlarının veteran şuraları sədrləri ilə birgə iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə BVŞ-nın sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov veteranların problemlərindən və onların həlli istiqamətində görülən işlərdən danışıb.
BVŞ sədrinin müavini, ikinci xüsusi şöbənin rəisi Eldar Quliyev akademiyanın əməkdaşları, xüsusən də veteranlar üçün nəzərdə tutulan güzəştlərdən söz açıb.
Qeyd edilib ki, şura il ərzində fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib, ictimai qurumlarla əlaqələrini genişləndirməklə elmi müəssisələrdə veteran təşkilatlarının möhkəmləndirilməsinə, veteran fəalların təşəbbüslərinin artırılmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsində müxtəlif forma və üsulların istifadəsinə diqqəti artırıb.
E.Quliyev bildirib ki, rəyasət heyətinin qərarı ilə akademiyanın əməkdaşlarına “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi üçün müvafiq komissiya yaradılıb. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrlik etdiyi komissiya artıq 400 nəfərə “Əmək veteranı” adını və vəsiqəsini təqdim edib.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev rəhbərlik etdiyi qurumun akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. AMEA əməkdaşlarının asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyasında veteranlara diqqət və qayğı artırılır