Bakı, 9 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 38 tibbi-sosial ekspert komissiyasından artıq 24-ü müasir tibbi avadanlıqlarla və müayinə cihazları ilə təmin olunub. Qısa müddətdə digər tibbi-sosial ekspert komissiyalarında da belə müasir iş şəraiti yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ƏƏSMN-in Səbail rayonu üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyası üçün müasir tələblərə uyğun binanın istifadəyə verilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. O vurğulayıb ki, bu gün nazirliyin diqqətində dayanan əsas məsələ vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən müraciət edən şəxslərin normal şəraitdə və keyfiyyətli tibbi-sosial ekspertiza xidmətləri ilə təmin olunmasıdır.
Son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin xeyli gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran nazir müavini əlilliyin intensivlik göstəricisinin, habelə təkrar əlil və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayının getdikcə azaldığını, reabilitasiya göstəricilərinin artmaqda olduğunu vurğulayaraq deyib: “Hazırda fəaliyyət göstərən Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və tibbi-sosial ekspert komissiyaları arasında elektron məlumat mübadiləsinə şərait yaratmaqla, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə səbəb olub. “Tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi, bu sahəyə nəzarətin artırılması istiqamətində aparılan işlərin müsbət nəticələrindən biri kimi, əlillik təyinatı məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı da kəskin şəkildə azalaraq minimuma enib”, - deyə Natiq Məmmədov bildirib.
Sonra tədbir iştirakçıları Səbail rayonu üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının yeni binası ilə tanış olublar.
Səbail rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının yeni binası istifadəyə verilib