AMEA-nın Şəki Regional Elmi Mərkəzi aqrosistemlərin inteqrasiyası problemlərinin tədqiqinə xüsusi yer ayıracaq

AMEA-nın Şəki Regional Elmi Mərkəzi aqrosistemlərin inteqrasiyası problemlərinin tədqiqinə xüsusi yer ayıracaq
19:08 23 Yanvar 2015
300 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəki, 23 yanvar, Mustafa Dadaşov, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə cari ildə elmi fəaliyyətlərini bir neçə istiqamətdə davam etdirəcəklər.
Bu barədə Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib.
Elm ocağının rəhbəri bildirib ki, hazırda Mərkəzin nəzdində aqrar sahə ilə bağlı bir neçə laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarda elmi-tədqiqat işləri əsasən, Şəki-Balakən bölgəsində tumlu və qərzəkli meyvə bitkilərinin toplanması, əkilməsi, bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, onların genofondunun qorunması, bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, həmçinin müasir təsərrüfatçılıq şəraitində daxili və dünya bazarlarında rəqabət qabiliyyətliliyinin artırılmasının nəzəri cəhətdən əsaslandırılması istiqamətlərində aparılır. Tədqiqat işləri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və AMEA-nın 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətlərindən irəli gələn vəzifələrə əməl olunmaqla yerinə yetirilir.
Qurumun rəhbərinin bildirdiyinə görə, Elmi Mərkəzdə fəaliyyət göstərən “Bitkilərin genofondu və biomüxtəliflik” laboratoriyası Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Şəki-Balakən bölgəsi rayonlarında aqrosistemlərin inteqrasiyası və differensiasiyası problemlərinin tədqiqi ilə məşğul olur. Hazırda Mərkəzin Şəki ərazisində 6 hektar genofond bağı vardır. Orada bu regionda bitən müxtəlif növ mədəni bitkilər yetişdirilir. Bundan əlavə, Elmi Mərkəzin rayonun Baş Şabalıd kəndində 10 hektar ərazidə təbii laboratoriyası da vardır. Hazırda orada bütün təbiət olduğu kimi qorunur.
Yusif Şükürlü innovativ istiqamətlə elmi-tədqiqat işlərinin “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə ardıcıl davam etdiriləcəyini bildirib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR