Gəncə, 16 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə YAP Gəncə şəhər təşkilatının qərargahında “Müasir dövrdə gənclər arasında milli mənəvi dəyərlərimizə hörmət hissinin təbliği” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, YAP Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov və başqaları çıxış edərək, qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli mənəvi dəyərlərinin qorunmasının vacibliyindən danışıb, vətəndaşların, xüsusilə gənclərin uğurlu gələcəyinin təmin edilməsində, onlarda vətənpərvərlik hisslərinin gücləndirilmsində aparılan məqsədyönlü siyasətdən söz açıblar.
“Dəyirmi masa”da “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, qəzetin əməkdaşı Fərruxə Umarova, Gəncə Dövlət Universitetinin müəllimi Səmərqənd Abbasova və başqaları milli mənəvi dəyərlərimizə olan münasibətdən, bu sahədə cəmiyyətin rolundan danışıblar.