Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Birlikləri İttifaqı yaradılıb

15:28 24 Yanvar 2015
305 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, Məhərrəm Əlioğlu, AzərTAc 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının müsbət nəticələri ölkəmizdə və beynəlxalq aləmdə təqdir olunmaqla Azərbaycanın demokratik imicini daha da möhkəmləndirib.
AzərTAc xəbər verir ki, bu fikirlər yanvarın 24-də keçirilən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağında səslənib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, müstəqil Azərbaycan dövlətinin qurucusunun xatirəsini ehtiramla yad ediblər.
Yığıncağı açan assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov hesabat məruzəsi ilə çıxış edib, ötən il ərzində qurumun fəaliyyəti barədə məlumat verib.
Ə.Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafından, bütün sahələrdə qazanılan uğurlardan danışıb, ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən mütərəqqi islahatlardan bəhs edib.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı səmərəli fəaliyyəti qeyd olunub, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər, o cümlədən ən müasir tələblərə cavab verən yeni məhkəmə binalarının tikilib istifadəyə verilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, hakimlərin iş şəraitinin yaxşılaşdırılması və digər mütərəqqi tədbirlər nəticəsində ölkəmizin beynəlxalq hüquq əməkdaşlığı sahəsində etibarlı və nümunəvi tərəfdaşa çevrildiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirən assosiasiyanın üzvlərinin sayı ötən illə müqayisədə xeyli artaraq 370 nəfəri ötüb.
Yığıncaqda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndə Çingiz Əsgərov, Ali Məhkəmənin kollegiya sədrləri Şahin Yusifov və Tapdıq Mahmudov, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin hakimləri Teyyub Muxtarov, Hümbət Səlimov Avropa Məhkəməsinin qərarlarından irəli gələn məsələlər, ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən yol verilən nöqsanlar, həbs qətimkan tədbirinin seçilməsi və müddətləri ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə edilən son dəyişikliklər və həmin müddəaların məhkəmə təcrübəsində tətbiqi, cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılıqları və birinci instansiya məhkəmələrinin hakimlərinə edilən etirazların Apelyasiya Məhkəməsində baxılması ilə bağlı məsələlərin həlli yollarına dair mövzularda çıxışlar ediblər.
Məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb.
Yığıncaqda, həmçinin təşkilati məsələlərə baxılıb, yeni tərkibdə icra orqanlarının seçkisi keçirilib, birliyə yeni üzvlər qəbul edilib. Ələddin Cəfərov birliyin sədri seçilib.
Sonra Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) birgə iclası keçirilib.
İclasda ümumi maraqlar çərçivəsində Azərbaycan məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, hakimlərin qabaqcıl iş təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə təcrübəsini öyrənmək və müsbət yenilikləri təbliğ etmək, hüquqi maarifləndirmə işini həyata keçirmək üzrə məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Birliklərinin (Assosiasiyalarının) İttifaqı yaradılıb.
Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ittifaqın sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi isə sədr müavini seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR