[ 24 İyul 2015 18:33 ]
Bakı - APA. Koreyada nəşr olunan “Diplomatiya” jurnalında Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurovun “Azərbaycan xarici siyasətində digər ölkələrlə bərabər və qarşılıqlı əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələr qurur” adlı məqaləsi dərc olunub.
APA-nın məlumatına görə, məqalədə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycanın iki illik qısa mövcudluğu ərzində dövlət quruculuğu və dövlətçiliyin inkişafı istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verilərək, müasir Azərbaycan dövlətinin məhz ADR-in varisi olduğu və 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanıb.
Məqalədə həmçinin, müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən bəhs edilib, yaranmış siyasi və iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi və eləcə də Ermənistanın işğalçı siyasəti kimi amillərin Azərbaycanın müstəqilliyini sual altına qoyduğu diqqətə çatdırılıb, Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb.
Səfir Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonun 20 ildən artıqdır, Ermənistanın işğalı altında olduğunu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib, Azərbaycanda idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan söz açıb.
Yazıda Azərbaycan-Koreya münasibətlərinin əhəmiyyətinə toxunularaq, 2006-2007-ci illərdə ölkə başçılarının səfərləri nəticəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni, elmi və texnologiya və s. sahələr üzrə ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb.