Naxçıvan, 25 iyul, AZƏRTAC
İyulun 25-də Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikasında Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanda 1458 nəfər abituriyent iştirak edib. 137 nəzarətçi müəllim və 11 imtahan rəhbəri imtahana cəlb olunub. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib.
Abituriyentlərə hər fəndən 25 sual olmaqla, ümumilikdə 125 test tapşırığı təqdim edilib. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıq tipli test tapşırıqları olub.
7 nömrəli tam orta məktəbdə imtahan rəhbəri İlqar Cəfərov AZƏRTAC-a müsahibəsində bildirib ki, abituriyentlərin bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanları təşkil olunub
Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanları təşkil olunub