Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində növbəti təlimlər İsmayıllıda təşkil olunub.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyəti, gənclər və idman idarəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərdə İsmayıllının fəal gəncləri iştirak ediblər.
Layihə çərçivəsində “Y-Peer” Azərbaycan şəbəkəsinin ekspertləri tərəfindən beşgünlük təlimlər keçirilib. Təlimlər zamanı gənclər reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİV/QİÇS və s. mövzular haqqında məlumatlandırılıb. İştirakçılar təlimin sonunda əldə etdikləri biliklər əsasında teatr tamaşası hazırlayıblar.
Sessiyanın sonunda gənclərə sertifikatlar təqdim olunub.
Təlim sessiyasında açıq müzakirələrdə iştirakçıların mövzularla bağlı fikirləri toplanıb.
Səsləndirilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks olunacaq. Təkliflər, həmçinin “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim ediləcək.
ARGTMŞ Azərbaycanın ən böyük gənclər platformasıdır. Ötən il təşkilat tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə “Gənclərin səsi – Şərqi Avropada və Mərkəzi Asiyada bizim istədiyimiz gələcək” layihəsini həyata keçirilib. Bu ilin iyulundan kampaniyanın ikinci mərhələsi olan “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində bugünədək Lənkəranda 5 gün davam edən təlimlər həyata keçirilib. Növbəti təlim sessiyasının Ağdamda keçirilməsi nəzərdə tutulub.

