Bakı, 28 iyul, AZƏRTAC
Çexiyanın Pardubitse şəhərində XXVI Beynəlxalq şahmat festivalı və “Czech Open – 2015” intellektual oyunları çərçivəsində qrossmeysterlər arasında açıq turnir (“A” turniri) və açıq reytinq turniri (“B” turniri) keçirilir. “A” turnirində 289 şahmatçı iştirak edir. Onların 35-i, o cümlədən Azərbaycan nümayəndəsi Günay Məmmədzadə qrossmeysterdir. Bütövlükdə turnirdə beynəlxalq adı olan 164 şahmatçı, o cümlədən həmyerlimiz, FIDE ustası Nail Bəşirli yarışır.
Qrossmeysterlər arasında turnirin dörd turundan sonra hərəyə 4 xal toplayan Viktor Lazniçka (Çexiya), Gil Populski (İsrail) və Meyt Baqi (Macarıstan) irəlidədirlər. On iki şahmatçı yarım xal geri qalır. Azərbaycan şahmatçılarının hər birinin aktivində 2,5 xal var. Beşinci turun püşkatmasının nəticələrinə görə, Günay Məmmədzadə hindistanlı beynəlxalq usta Şardul Qaqare, Nail Bəşirli isə yerli şahmatçı Stanislav Jasni ilə qarşılaşacaq.
Çexiyada beynəlxalq turnir İsveçrə sistemi ilə 9 turda keçirilir.