Bakı, 30 iyul, AZƏRTAC
Pavlo Netreba idman gimnastikası üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandasına baş məşqçi təyin olunub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığma komandanın məşqçi heyətinə 2014-cü ildən daxil olan ukraynalı mütəxəssis idmançılarımızdan Oleq Stepkonun və Petro Paxnyukun şəxsi məşqçisidir. Onun yetirmələri digər gimnastımız Eldar Səfərovla birgə birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında komanda hesabında bürünc medal əldə ediblər. Növbəti yarış günlərində isə Oleq Stepko bu mükafata daha 4 medal (1 qızıl, 2 gümüş və 1 bürünc) əlavə edib.
Hazırda komanda oktyabrın 25-dən noyabrın 1-dək Qlazqoda keçiriləcək dünya çempionatına hazırlaşır. Burada, həmçinin “Rio-2016” Olimpiya Oyunlarına lisenziya sahibləri müəyyənləşəcək.