Bakı, 5 avqust, AZƏRTAC
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi ordu generalı Hulusi Akar olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Türkiyə Silahlı Qüvvələri Ali Hərbi Şurasının iclasından sonra ictimaiyyətə açıqlanıb.
Şuranın qərarı ilə ordu generalları Abidin Ünal Hərbi Hava Qüvvələrinin, Salih Zəki Çolak Quru Qoşunlarının, Qalib Məndi isə Jandarma Baş Qərargahının komandanı vəzifələrinə təyin ediliblər.
İclasda Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Bülent Bostanoğlunun fəaliyyət müddətinin bir il uzadılması barədə qərar qəbul olunub. Həmçinin Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk isə Ali Hərbi Şuranın üzvü seçilib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 29-cu rəisi olan Hulusi Akar 1952-ci ildə Kayseri vilayətində anadan olub. 1972-ci ildə Quru Qoşunları Hərbi Məktəbindən məzun olan Hulusi Akar 1973-1980-ci illərdə orduda müxtəlif vəzifələrdə xidmət edib. 1982-ci ildə Quru Qoşunları, 1985-ci ildə Silahlı Qüvvələr akademiyalarını, 1987-ci ildə isə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecini bitirib.
O, Baş Qərargah İdarəsi də daxil olmaqla bir sıra qərargah və birliklərdə hərəkat və təhsil şöbələrinin rəisi vəzifələrini icra edib, Quru Qoşunları Hərbi Akademiyasında dərs deyib. 1990-1993-cü illərdə İtaliyanın Napoli şəhərində NATO Silahlı Qüvvələrinin Cənub Bölgə Komandanlığının qərargahında kəşfiyyat zabiti vəzifəsində çalışıb.
1998-ci ildə general-mayor, 2002-ci ildə general-leytenant, 2007-ci ildə general-polkovnik olan Hulusi Akar 2011-ci ildə ordu generalı rütbəsinə yüksəlib. 2011-2013-cü illərdə Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan Hulusi Akar 2013-cü il avqustun 3-də Quru Qoşunlarının komandanı təyin olunub.